SEPAH generallarının hədəfə alınması və ard-arda həyata keçirilən sui-qəsdlər Yaxın Şərqdəki geosiyasi gərginliyi yeni müstəviyə daşımaqla yanaşı, diplomatik masadakı tarazlıqları da kökündən sarsıdır. Xüsusilə danışıqlar prosesinə qarşı çıxan yüksək rütbəli hərbçilərin qısa müddət ərzində aradan qaldırılması, İranın daxili güc iyerarxiyasında ciddi boşluqların və kəşfiyyat zəifliyinin olduğunu nümayiş etdirir.
Bu “ov” prosesi bir tərəfdən radikal qanadın müqavimətini qırmağa xidmət edə bilsə də, digər tərəfdən intiqam hissini alovlandıraraq sülh prosesini daha da kövrəkləşdirir.
İsrailin bu taktiki gedişləri Tehranın qərarvermə mexanizminə birbaşa təsir edərək, onları seçim qarşısında qoyur: ya zəifləmiş hərbi elita ilə geri çəkilmək, ya da irimiqyaslı müharibə riskini gözə almaq.

Məsələ ilə bağlı NOCOMMENT.az–a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrail kəşfiyyatının SEPAH generallarını “ovlaması” onların öz təhlükəsizliyini təmin etməməsindən irəli gəlir:
“Növbəti hədəf Əli Laricaninin yerinə yeni təyin edilən Milli Təhlükəsizlik Şurasının katibi ola bilər. İsrail bu addımları ilə İranın hərbi rəhbərliyində xaos yaratmağı və strateji qərarların qəbulunu iflic etməyi hədəfləyir. İsrail ABŞ-la İran arasında mümkün danışıqları sabotaj etmək üçün yaşayış binalarına kütləvi şəkildə zərbələr endirəcək. Bu, gərginliyi pik həddə çatdırmaq və diplomatiyaya yer qoymamaq taktikasıdır. Qarşılıqlı olaraq SEPAH da İsraildə mülki sığınacaqları və yaşayış məskənlərini vurmaqla yeni böhran yarada bilər. Hazırda danışıqlar prosesi hədsiz dərəcədə kövrəkdir. Həm İsrail rəhbərliyində, həm də SEPAH daxilində müharibənin dayanmasını öz maraqlarına təhdid hesab edən və qarşıdurmanı davam etdirmək istəyən qüvvələr var. Onlar hər vəclə atəşkəs cəhdlərini baltalamağa çalışırlar. ABŞ administrasiyası isə regionda genişmiqyaslı alovlanmanın qarşısını almaq üçün tam atəşkəs və müəyyən səviyyədə əməkdaşlıqda maraqlıdır, lakin yerdəki reallıqlar diplomatik səyləri üstələyir”.
Ekspertin fikrincə, generalların sıradan çıxarılması həm də İran daxilindəki “sülh partiyası” ilə “müharibə partiyası” arasındakı mübarizəni kəskinləşdirir:
“Bu sui-qəsdlər danışıqların yolunu açmaqdan ziyadə, tərəflər arasındakı etimadsızlığı dərinləşdirir və regionu proqnozlaşdırılması çətin olan bir qarşıdurma fazasına sürükləyir”.
Tunar
NOCOMMENT.az