EN

Azərbaycan repinin tənəzzülü

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rep öz dinləyicisini narahat etməli, beynini “qıdıqlamalıdır”. Repi dinləyən onu həzm eləmək üçün əziyyət çəkməlidir. Müasir Azərbaycan repi isə öz təbiətindən o qədər uzaq düşüb ki, dinləyən kimi birbaşa tualetə qaçırsan, həzm prosesi zad yoxdur.

Məncə, nə dünya, nə də Azərbaycan repi barədə məlumatsız olmaqda ittiham edilə bilərəm. Demək olar ki, H.O.S.T-la böyümüşəm. Uşaqlığım Dəyirman, Uran, Paster, Elşad Xose, Camal Əli ilə keçib.

Hər yerdən silinsə də, “F**k dent” trekini az qala əzbər bilirəm. Saatlarla “Bir damla həqiqət”i dinlədiyim günlər yadıma düşür. Pleylistim 2007-2012 dövrünün məhsulları ilə doludur. Odur ki, Azərbaycan repinin tənəzzülü prosesi gözüm önündə olub.

Müasir Azərbaycan repinin “cəsarətsizlik” məsələsini problemlər siyahısından çıxarıram. Əslində, bu da çox böyük bir problemdir, amma mövcud senzura və total nəzarət şəraitində heç kimi özünü riskə atmadığı üçün qınaya bilmərəm.

Müasir Azərbaycan repinin ən böyük ayıbı onun bayağılığıdır. Azrep ildən-ilə batır. Xüsusən süni intellektin inkişafı ilə hər yerindən duran mikrofonu əlinə alıb düşür ortalığa ki, reperəm.

Nə intellektual çəki var, nə səviyyə. Plagiatizm və düşüklük tüğyan edir.

Bir ara gənclərdən özünə FTB təxəllüsü götürən Məqsədi dinləyirdim. Əməllicə diqqətimi çəkmişdi. Baxmayaraq ki, Əlcəzair əsilli reper Soolkingin antisistem mövzusunda yaratdığı “Guerilla”sını çırpışdırıb “Dəliyəm” adlı səviyyəsiz trek ərsəyə gətirmişdi və onu bununla tanımışdım, amma Söyüdlü hadisəsindən sonrakı vətəndaş mövqeyi və buraxdığı “Hamının axtardığı trek”, həmçinin iştirak etdiyi batllardakı siyasi punçlar gözümdə dəyərini artırmışdı.

Amma o da çox tez bayağılaşdı. Baxıram ki, son illər türkçə treklər buraxır. Harana yaraşır türkçə trek, ay Məqsəd? Niyə özünü heyif edirsən? Tutuzdura bilmədin axı, alınmadı. Bunu görmək bu qədər çətindir?

Epi təxəllüsü ilə çıxış edən Əkbər lap adam arasına çıxarılası deyil. Epinin reper sayıldığı, ciddi fanat kütləsinə sahib olduğu Azrep ölüb, basdıranı yoxdur, eləcə qalıb ortalıqda. Fanatlarının da yaş ortalaması on beşdən yuxarı deyil.

Paster (Pərviz) barədə yazmışdım. Şəhriyarla (Xpert) Pərviz kitab əhli olduğu hiss olunan tək-tük reperlərdirlər. Paster qəsdən bayağılaşıb. Niyə belə etdiyini heç anlaya bilmirəm. Özü özünü məhv eləyib saldı digərlərinin səviyyəsinə. Şəhriyar isə reperdən çox manıs təsiri bağışlayır. Məncə, müğənni kimi daha ciddi uğurlar qazana bilər.

Belə baxanda müasir Azərbaycan repinin pul problemi də yoxdur. Minimum əməkhaqqının 400 manat olduğu ölkədə ortababdan aşağı və yalnız yaxın çevrəsinin tanıdığı reper də pis yaşamır.

Problem intellektual tənəzzüldür. Xüsusən son beş ildə cəmiyyəti silkələyə biləcək bircə iş də ortaya qoya bilməyiblər. Hansı treki açırsan, qruz, qız, bahalı geyimlər, qənq-qənq. Ağlaşma muğam dinləyicini müasir Azərbaycan repindən daha çox düşündürür.

Məncə, müasir reperlərimiz mikrofonu yerə qoyub bir az kitab oxumalı, intellektual verilişlərə baxmalı, filmlər izləməlidirlər. Dili cilalamalı, plagiata qaçmadan dünya repindən bəhrələnməlidirlər.

Əlbəttə ki, bunlarsız da parlayan, küçədə böyümüş fitri istedadlı reperlər olub və olacaq. Qız tutmaqdan, qruzdan, otdan-tüstüdən oxuyan da çoxdur. Ona görə də ümid qalıb sətiraltı göndərmələrə. Bunun üçün də gərək başının içində nəsə ola.

Ramazab Tağıyev

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
icma.az

1Sources