Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Xəzər rayonunda yerləşən Buzovna qəsəbəsində baş verən ağır insident cəmiyyət arasında geniş rezonans doğurub.
Xatırladaq ki, martın 17-də, Novruz çərşənbələrinin qeyd olunduğu bir vaxtda restoranlardan birində yaşanan dava bir nəfərin ciddi xəsarət alması ilə nəticələnib.
Məlumata görə, hadisə qeyd olunan tarixdə axşam saatlarında Buzovna qəsəbəsində fəaliyyət göstərən restoranlardan birinin ərazisində qeydə alınıb. Belə ki, ailəsi və yaxınları ilə birlikdə bayram qeyd etmək üçün restorana gələn Rauf Nuriyev bir müddət sonra dörd nəfər şəxs tərəfindən kənara çağırılıb. İddialara əsasən, həmin şəxslər onu restoranın qaranlıq və nəzarətdən kənar hissəsinə apararaq fiziki zorakılığa məruz qoyublar.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə zərərçəkənin qan içində, köməksiz vəziyyətdə yerdə qaldığı açıq şəkildə görünür. Zərərçəkən Rauf Nuriyev hadisənin təfərrüatlarını belə izah edir:
"Martın 17-də Çərşənbə bayramını qeyd etmək üçün ailəm və qohumlarımla saat 18:00-da restorana getmişdik. Təxminən saat 20:45-radələrində insanlar restoranın həyətində qalanan tonqalın ətrafına toplaşmağa başladılar. Mən və ailə üzvlərim də tonqalın ətrafında idik. Bir müddət sonra mən tonqaldan kənarlaşdım. Təxminən 10 dəqiqə sonra bir nəfər şəxs mənə yaxınlaşaraq, qaranlıq əraziyə itələdi, ardınca əlavə 3 nəfər də gəldi. Ümumilikdə 4 nəfər şəxs qəfil boyun, gicgah və göz nahiyəmə zərbələr endirməyə başladılar. Oranın qaranlıq və kolluq olması səbəbindən heç kim hadisəni görə bilmədi".
Onun sözlərinə görə, hücum son dərəcə qəddar şəkildə həyata keçirilib:
"Məni o qədər döydülər ki, ağız-burnum qan içində idi. Huşumu itirənə qədər zərbələr endirdilər. Xırıltı səsimə ofisiant yaxınlaşıb və vəziyyətimi görərək ailəmə xəbər verib. Onlar elə biliblər ki, mən ölmüşəm və ya ölüm ayağındayam".
Zərərçəkən bildirir ki, hadisədən sonra yalnız təcili tibbi yardım avtomobilində özünə gəlib:
"Bir də onda ayıldım ki, təcili yardım maşınındayam. Həkimlər mənə ilkin tibbi yardım göstərdilər. Daha sonra Sabunçu Tibb Mərkəzinə aparıldım, ordan isə travmatologiya mərkəzinə göndərildim. Gözümə tikiş qoyuldu, müalicə aldım. Xəstəxanada qalmağım təklif olunsa da, imtina etdim".
Rauf Nuriyev onu döyən şəxslərin azadlıqda qalmasından narahat olduğunu da ifadə edərək deyib:
"Mən istintaqın gedişindən narazı deyiləm, amma onların azadlıqda olması məni narahat edir. Hər dəfə qapı döyüləndə psixoloji sarsıntı keçirirəm. Travmalarım var, xüsusilə sol göz nahiyəmdə ciddi xəsarətlər qalıb. Aidiyyəti qurumlardan xahiş edirəm ki, həmin şəxslər azadlıqda qalmasın, çünki yenidən mənə zərər verə bilərlər".
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıb. Araşdırmalar zamanı onların 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1998-ci il təvəllüdlü E.Kazımov olduqları müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkənin aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.