EN

Maduronun zindan həyatı – Narkotrafikdə ittiham olunan eks-prezident məhkəmədə tanınmaz halda

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ tərəfindən "oğurlandıqdan" üç ay sonra ikinci dəfə Manhetten federal məhkəməsi qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, "CBS News" telekanalının yaydığı məlumata görə, məhkəmə zalında fotoçəkiliş qadağan edildiyi üçün yalnız rəssam süzgəcindən keçən görüntülərdə Maduronun həbsxana geyimində olduğu və xeyli dərəcədə arıqladığı diqqətdən qaçmayıb.

"Reuters" agentliyinin dəqiqləşdirdiyi məlumata əsasən, hakim iclasda Maduro və xanımına qarşı irəli sürülən narkotik ticarəti və Venesuela hökumətinin məhkəmə xərclərini ödəməsinə maneçilik törətmə ittihamları üzrə işin xitam verilməsi vəsatətinə baxsa da, hələlik heç bir yekun qərar qəbul edilməyib.

Maduronun hazırda Bruklin istintaq təcridxanasında "həbsxana daxilində həbsxana" kimi xarakterizə olunan xüsusi mühafizə olunan blokda saxlanıldığı bildirilir. Cəmi 12 nəfərlik tutumu olan bu blokda eks-prezident digər məhbuslarla heç bir təmasda olmur və kamerasını yalnız duş qəbulu, vəkillə görüş və gündəlik cəmi bir saatlıq gəzinti üçün tərk edə bilir.

Xatırladaq ki, ABŞ-ın Venesuelanın qanuni liderini bu şəkildə mühakimə etməsi beynəlxalq hüquq müstəvisində hələ də kəskin mübahisələrə səbəb olmaqdadır.

Musavat.com

Chosen
45
musavat.com

1Sources