EN

Dünya səyyahları Laçına səfər edib

NomadMania klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri çərçivəsində növbəti dayanacaq Laçın şəhəri olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər zamanı qonaqlar şəhərdə fəaliyyət göstərən “Yurd Qalareyası” və “Gilabi Ceramics” mərkəzi ilə tanış olacaq, həmçinin yerli sakinlərin hazırladığı əl işlərinə baxış keçirəcəklər.

Bununla yanaşı, səyyahlar üçün Laçın şəhəri üzrə tur təşkil ediləcək, burada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də yaradılan şərait barədə məlumat veriləcək.

Məlumata görə, iki günlük proqram çərçivəsində təşkil olunan səfərdə 37 ölkədən ümumilikdə 79 nəfər iştirak edir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edən beynəlxalq səyyahların sayına görə ən böyük qrup hesab olunur.

Qeyd edək ki, NomadMania platforması Yer kürəsini 1301 bölgəyə bölərək səyyahlar üçün xüsusi reytinq sistemi tətbiq edir.

Klubun rəhbəri Harry Mitsidis bu bölgələrin hamısını ziyarət edərək hazırda dünya üzrə birinci yerdə qərarlaşıb.

Bu səfər işğaldan azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanıdılması, həmçinin “black tourism” çərçivəsində regionun turizm potensialının təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura dünya səyyahlarının 15 səfəri təşkil olunub, hazırkı səfər isə sayca 16-cıdır.

Chosen
46
teleqraf.com

1Sources