EN

“Əsas məqsəd İranı da İraq, Suriya və Liviya kimi sivilizasiya pulləsindən aşağı salmaqdır...”

“Amerika və İsrail üçün prosesin davamı üçün ən yaxşı üsul İranın Fars körfəzindəki ərəb ölkələri ilə birbaşa toqquşdurulmasıdır...”
 
Sabiq baş diplomat Tofiq Zülfüqarovla Moderator.az üçün budəfəki söhbətimizdə əsasən ABŞ/İsrail-İran savaşının danışıqlar yoluyla bitməsi perspektivinin olub-olmaması haqda danışdıq.   
 
-Tofiq müəllim, son günlər ABŞ və İran rəsmiləri arasında birbaşa, yaxud digər ölkələr vasitəsilə danışıqlar aparılması haqda xəbərlər yayılır. Sizcə, ABŞ və İsrailin başlatdığı və artıq bir aya yaxındır ki, davam edən və minlərlə insanın həlak olması, yaralanmasına, həmçinin kütləvi dağıntılara səbəb olmuş bu qanlı münaqişənin, ümumiyyətlə, diplomatik yollarla həlli mümkündürmü?
 
-Hesab edirəm ki, burada uzunmüddətli sülhdən, sazişdən danışmaq mümkün deyil - bu, aydındır. Yəni yalnız hansısa atəşkəs, razılaşma olacağı haqda düşünmək olar. Amma doğrusu, mən inanmıram ki, belə bir razılaşma baş versin, ya da baş versə də, uzun müddət davam etsin. Buna ümid azdır, çünki Amerika tərəfindən bölgəyə qüvvələrin yığılması davam edir. İkincisi, gec-tez Fars körfəzi ölkələrinin də bu və ya digər şəkildə münaqişəyə qoşulacağı ehtimalı yüksəkdir. Yəni onlar da hərbi əməliyyatlara əsasən havadan zərbələr endirməklə qoşula bilər. Mən quru əməliyyatları olacağını gözləmirəm. Dənizdə də müəyyən zərbələr davam edə bilər, ancaq bunun da genişmiqyaslı olacağını gözləmirəm. Çünki İranın  dənizdə də imkanları ciddi şəkildə məhdudlaşdırılıb...
 
Məsələ ondan ibarətdir ki, artıq İranın ixrac imkanları, yəni neft və digər məhsulların ixracı birbaşa ABŞ-ın nəzarəti altındadır. Və bununla paralel havadan zərbələrin ara-sıra davamıyla İranı istənilən dəyişikliklərə vadar edə bilərlər. Ümumiyyətlə, bu müharibənin dayanması Qərbin, daha çox Amerikanın xeyrinə deyil. Yəni təxminən Ukraynada olan vəziyyətə bənzər bir ssenari yaranacaq: nə sülh var, nə də qızğın müharibə. Biz hadisələrin bu istiqamətdə cərəyan etdiyini görməkdəyik. Çünki Rusiyanın zəiflədilməsi prosesi davam edilməlidir və nə qədər çox zəifləsə, bir o qədər Qərb üçün əlverişlidir. Eyni ssenarinin İrana da aid edilməsi istisna edilmir. Və doğrusu, çox realdır. Amma onu da deməliyik ki, İsrailin İrana qarşı daimi gərginliyi saxlamaq imkanları məhduddur, ABŞ isə bu prosesdə uzun müddət birbaşa iştirak etməyə həvəsli deyil. Odur ki, öz əvəzinə kimlərisə meydana çıxarması ehtimalı da güclüdür. Və bu işi görmək üçün əsas “namizəd” ərəb ölkələri olacaq...
 
-Digər tərəfdən, bir sıra analitiklər Trampın respublikaçıların payızda Konqresə aralıq seçkilərdə uduzacağından ehtiyatlandığından müharibənin uzanmasını istəmədiyini bildirirlər. Siz necə düşünürsüz?
 
-Yox, mən belə hesab etmirəm. Tramp bundan ehtiyat etmir. O bilir ki, bundan sonra iki il hakimiyyətdədir və müharibənin uzanması ilə bağlı məhdudiyyət yoxdur. Onun İran savaşındakı əsas məqsədi dolların güclənməsi və neftin istehsalının azalmasıyla qiymətlərin idarə olunmasıdır. Başqa sözlə, neftin bahalaşmasıyla  Avropa və digər iqtisadi rəqiblərin, eləcə də Çinin imkanlarının zəiflədilməsidir...
 
-Amma Rusiya da digər yandan qazanc götürür...
 
-Elədir. Və demək olar ki, Avropa, Çin, həmçinin Yaponiya və Cənubi Koreyadan başqa digər əsas ölkələr İran savaşından faydalanır. Kimin enerji ehtiyatları varsa, tab gətirə biləcək. Əgər ixrac da edə bilirlərsə, daha yaxşı...
Bir sözlə, biz anlamalıyıq ki, İran ətrafında baş verənlər davam etdiriləcək. Çünki İranın İraq, Suriya və Liviya kimi sivilizasiya pilləsindən aşağı düşməsi bu ssenarinin əsas xətlərindəndir... 
 
-Hesab edirsiz ki, İranda yalnız teokratik rejimin çökməsi yox, həm də dövlətin parçalanması gözlənilir?
 
-Bəli, o da istisna olunmur. Çünki mərkəzi hakimiyyət zəiflədikcə bu, təbii hal olacaq. Və zəifləmə prosesi artıq başlayıb və davam ediləcək. Bu, qaçılmazdır. İranda mərkəzi hakimiyyətin zəifləməsi davam edəcək. İranda parçalanma və mərkəzi hakimiyyətin sarsılması mümkündür, bu da Suriya və Liviya ssenarilərinə bənzər bir gedişatdır. Bunun Rusiya-Ukrayna ssenarisinə də gətirib çıxarması mümkündür. 
 
-Yəni bu müharibə hələ uzun illər davam edə bilər?..
 
-Əlbəttə. Çünki İranın vaxtilə güclənməsi Şah rejiminin devrilməsi ilə nəticələndi. Şah dövründə bu ölkə sosial problemlərə baxmayaraq, sürətlə inkişaf edirdi. Və bir sivilizasiya mərkəzi ola bilərdi.  Amma baş verən İslam inqilabı İranın problemlər içində qalmasına şərait yaratdı. Sonradan da ABŞ və Avropa tərəfindən tətbiq edilən sanksiyalar və digər məhdudiyyətlər ölkənin ümumi inkişafını dayandırdı. Amma nisbətən inkişaf edən nüvə və raket proqramı yenə də regional təhlükə yaratmağa başladı. İlk növbədə İsrail üçün... Ona görə də məqsəd, öncə dediyim kimi, İranı sivilizasiyanın pilləsindən tamamilə endirməkdir. Odur ki, hərbi əməliyyatların müvəqqəti dayanması olsa da, proses bu istiqamətdə davam edəcək. Və təbii ki, Amerika və İsrail üçün prosesin davamı üçün ən yaxşı üsul İranın Fars körfəzindəki ərəb ölkələri ilə birbaşa toqquşdurulmasıdır. Yəni  həmin ölkələrin yetərincə pulu var və onlara silah satmaqla İranla döyüşdürmək olar. Necə ki, vaxtilə İraq həm İranla, həm Küveytlə döyüşdürüldü və sonra da ABŞ-ın hücumuyla sivilizasiyadan kənara atmaqla indiki duruma saldılar. İndi isə İranın növbəsi çatıb...
 
Sultan Laçın
 
Chosen
23
1
moderator.az

2Sources