EN

Trampın İrana qarşı əməliyyatlar barədə son açıqlamaları

ABŞ prezidenti İranı məğlub etdiyini bəyan edib, Hörmüz boğazı və NATO ilə bağlı maraqlı mesajlar verib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hökümətin bu gün keçirilən iclasında İranla bağlı hərbi əməliyyatların nəticələrinə dair bir sıra diqqətçəkən açıqlamalar verib. O bildirib ki, ABŞ qüvvələri İranın raket infrastrukturu və buraxılış qurğularının böyük hissəsini məhv edib.

Prezidentin sözlərinə görə, İranın buraxılış qurğularının təxminən 90%-i, raket arsenalının isə böyük hissəsi sıradan çıxarılıb və ölkənin artıq bu sahədə imkanları ciddi şəkildə məhdudlaşıb. O iddia edib ki, Tehran hazırda razılaşma əldə etmək üçün təşəbbüs göstərir və danışıqlara məcbur qalıb.

Tramp vurğulayıb ki, İran rəhbərliyi daxili olaraq məğlubiyyəti qəbul edir və mövcud vəziyyəti “katastrofa” kimi qiymətləndirir. Onun sözlərinə görə, məhz bu səbəbdən Tehran Vaşinqtonla dialoqa gedir və əks halda belə addım atmazdı.

ABŞ Prezidenti qeyd edib ki, İran üçün indi razılaşma əldə etmək imkanı mövcuddur, lakin bunun baş verib-verməməsi Tehranın qərarından asılıdır. O əlavə edib ki, “düzgün razılaşma” əldə olunarsa, Hörmüz boğazı yenidən açıq olacaq.

Eyni zamanda Tramp keçmiş prezident Barak Obama-nı tənqid edərək onun siyasətinin İsrail əvəzinə İrana üstünlük verdiyini iddia edib. O həmçinin İranın uzaqmənzilli raket imkanlarının gözləniləndən daha geniş olduğunu qeyd edib və ABŞ-nin bu məsələdə haqlı çıxdığını bildirib.

Prezident Böyük Britaniyanın münaqişəyə cəlb olunmaq istəmədiyini vurğulayaraq, ABŞ-nin də digər ölkələrin müharibələrinə qoşulmaq istəmədiyini deyib. Bununla yanaşı, o, Böyük Britaniyanın aviadaşıyıcılarını ABŞ-nin hərbi imkanları ilə müqayisədə zəif adlandırıb.

Tramp çıxışında NATO ilə bağlı da sərt mesajlar verərək bildirib ki, bu vəziyyət alyans üçün bir sınaq olub. O qeyd edib ki, müttəfiqlərin ABŞ-yə dəstək verib-verməməsi yadda saxlanılacaq və gələcək münasibətlərə təsir göstərə bilər.

Bundan əlavə, ABŞ Prezidenti İranın ali lideri ilə bağlı da qalmaqallı açıqlama verərək onun artıq hakimiyyətdə olmadığını və “artıq aralarında olmadığını” iddia edib.

Analitiklər hesab edirlər ki, bu cür sərt və iddialı bəyanatlar informasiya müharibəsinin tərkib hissəsi olmaqla yanaşı, diplomatik danışıqlarda ABŞ-nin mövqeyini gücləndirməyə yönəlib. Eyni zamanda, bu açıqlamalar regionda gərginliyin daha da artmasına və tərəflər arasında etimadsızlığın dərinləşməsinə səbəb ola bilər.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources