EN

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı , bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, Salyan), Qarabağ və Şərqi-Zəngəzur (Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) bölgəsində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur.


Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Bundan əlavə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 27-si gündüzdən 29-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir, Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın, Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, Şirvan, Goranboy, Naftalanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Siyəzən, Xızı, Qusar, Şabranda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bizim.Media

Chosen
38
34
bizim.media

10Sources