ABŞ Prezidenti Donald Trampın İrana qarşı başlatdığı hərbi kampaniyanı bitirmək planları və bu prosesin qlobal güclər, xüsusilə Çin üçün yaratdığı çətinliklər dünya siyasətinin ana xəttini təşkil edir. Vaşinqton raket zərbələri ilə Tehranın nüvə potensialını hədəf alsa da, ölkədə hakimiyyət dəyişikliyinə nail ola bilməyib.
Bu qeyri-müəyyənlik fonunda Trampın mayın 14-nə planlaşdırılan Pekin səfəri xüsusi əhəmiyyət kəsb edir; Ağ Ev rəhbəri Çinə “qalib lider” statusunda getmək istəsə də, rəsmi Pekin və regionun digər nəhəngi Hindistan müharibənin bu şəkildə yekunlaşmasında maraqlı deyil. Xüsusilə Çin lideri Si Szinpinin ABŞ-nin regiondakı mütləq qələbəsini özünün qlobal strateji maraqlarına təhdid kimi görməsi, Yaxın Şərqdəki on illərlə qurulan iqtisadi tarazlığın pozulması qorxusundan qaynaqlanır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, müharibənin davam etməsi Çinin on illərdir diqqətlə qurduğu “Bir Kəmər, Bir Yol” strategiyasını və enerji təhlükəsizliyini ciddi sual altına qoyur:
“Dünyanın ən böyük xam neft idxalçısı olan Çin üçün Fars körfəzi həyat əhəmiyyətli regiondur. Pekin bu bölgədə hərbi güclə deyil, iqtisadi layihələr, liman investisiyaları və diplomatik vasitəçiliklə möhkəmlənməyə çalışıb. Lakin ABŞ və İsrailin hərbi kampaniyası bu iqtisadi zənciri qırır. Maraqlı məqam odur ki, müharibə fonunda həm Çin, həm də Hindistan Rusiyadan ucuz neft alışını artıraraq dollardan asılılığı azaltmağa çalışırlar. Bu, qlobal ticarətdə yeni maliyyə arxitekturasının qurulması cəhdidir”.
Politoloq qeyd edib ki, Çin üçün İran təkcə enerji mənbəyi deyil, həm də Mərkəzi Asiyanı dəniz yolları ilə birləşdirən mühüm geosiyasi qovşaqdır:
“Pekinin İrana satdığı hava müdafiə sistemlərinin ABŞ və İsrail tərəfindən məhv edilməsi Çinin hərbi sənaye imicinə zərbə vursa da, Tehranın müharibədən sonra yenidən Moskva və Pekinə üz tutacağı qaçılmazdır. Çin hazırda münaqişənin həlli prosesində kənarda qalıb və yalnız diplomatik çağırışlarla kifayətlənir. Lakin Trampın Çin səfərini məhz müharibəni bitirmək planları ilə əlaqələndirməsi göstərir ki, Vaşinqton da Pekinin regiondakı iqtisadi rıçaqlarını və təsir imkanlarını nəzərə almağa məcburdur. Yaxın Şərqin gələcəyi bu iki gücün Pekindəki görüşündə əldə olunacaq razılaşmalardan asılı ola bilər”.
Tunar
NOCOMMENT.az