EN

Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib nüanslar: Kim qalib gələcək?

Leninqrad vilayəti, Baltik dənizi sahilindəki Ust-Luqa limanı Ukraynanın hücumundan sonra gərgin vəziyyətə düçar olub. Bir gün əvvəl Primorsk limanındakı neft terminalından sonra bu gün səhər yaxınlıqdakı Ust-Luqa limanı PUA zərbələrinə tuş gəlib. Bu limanda neft, qaz-kondensat ixrac terminalları yerləşir. Ukraynanın hücumları ümumilikdə Rusiyanın xam neft ixracını 40 faiz azaldıb.

Bəs proseslər necə cərəyan edəcək?

Məsələ haqda NOCOMNENT.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Krımda Rusiya ordusuna növbəti zərbə daha kəskin olub:

“Ukrayna dronları atəş mövqeyinə hərəkət edən Rusiyanın “Bastion” sahil raket komplekslərinin buraxıcı qurğularına zərbə endirib. Nəticədə bir “Bastion” qurğusu və onun atmağa hazırlaşdığı 2 ədəd “Sirkon” hipersəs raketi məhv edilib, ikinci qurğu zədələnib. 7 əsgər-zabit ölüb və yaralanıb”.

Şahin Cəfərli

Politoloq qeyd edib ki, hava hücumundan müdafiəsi zəifləmiş Krımın demilitarizasiyası davam edir:

“Ukrayna artan neft qiymətlərindən Rusiyanın əldə etdiyi gəlirlərini mümkün qədər endirmək üçün ABŞ Prezidenti Donald Trampın siyasəti fonunda müvafiq tədbirlər görür. Bu gecə isə Leninqrad vilayətindəki Primorsk dəniz ticarəti limanına uğurlu zərbələr endirilib, baxmayaraq ki, bu zona HHM vasitələri ilə möhkəmləndirilmiş bölgədir.

Primorsk limanında böyük ixrac terminalı yerləşir. Buradan Baltik dənizi vasitəsilə sutkada 1 milyon barelə yaxın neft və 300 min barelə yaxın dizel yanacağı ixrac olunur. Bütün bu hadisələr müharibənin gedişində Ukraynanın dönüş etməyə çalışdığını göstərir”.

“Rusiya artıq tükənmək üzrədir və Ukraynanın cavab zərbələri fonunda daha çox itkilər verir. Bu isə ölkə daxilində də vəziyyəti qəlizləşdirir. Ehtimal olunur ki, savaş hələ davam edəcək. Amma bu müharibəni davam etdirmək Rusiya üçün hər ötən gün daha da çətinləşir”, – politoloq deyib.

Tunar
NOCOMMENT.az

Chosen
54
nocomment.az

1Sources