Kanadanın xarici işlər naziri Anita Anand G7 ölkələri XİN rəhbərlərinin görüşündə dünyada enerji daşıyıcılarının qiymətlərinin artması fonunda İran ətrafındakı münaqişədə gərginliyin azaldılması üçün çıxış edəcəyini bildirib.
"Far.Az" xəbər verir ki, o, bu barədə "Bloomberg Television"a müsahibəsində bildirib.
A.Anand qeyd edib ki, görüş zamanı fikir mübadiləsinin aparılması və vəziyyətin deeskalasiyası üzrə mümkün addımların müzakirə edilməsi gözlənilir.
"Kanada mülki əhalinin həyatının qorunmasına yönəlmiş bu diplomatiyada rol oynamaq istəyir", - o bildirib.
A.Anand əlavə edib ki, bu yaxınlarda ABŞ-nin dövlət katibi Marko Rubio ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.