EN

BAĞIŞLAMA: keçmişin külündən doğan azadlıq

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xaləddin İBRAHİMLİ

Az qala hər ağacını tanıdıgınız, xatirələrinizlə dolu yanmış bir meşə gördünüzmü? Bəzən insanın qəlbi həmin o yanmış meşəyə bənzəyir. Bir zamanlar yaşıl olan yerlər qaralıb kösöy olub, xatirələrin yerində kül qalıb. Hər şey sakit görünür, amma torpağın altında hələ də köz var. Bir söz, bir xatirə, bir baxış - və o köz yenidən alovlanır.

Bağışlama (və ya əfv etmə) isə yağış kimidir. O, nə meşəni əvvəlki halına qaytarır, nə də yanmış ağacları dirildir. Amma torpağı soyudur və yeni həyatın başlamasına şərait yaradır.

Fəlsəfi qat: zaman, yaddaş və azadlıq... 

İnsan yalnız yaşadıqları ilə deyil, xatırladıqları ilə də yaşayır. Yaddaş isə sadəcə keçmişin arxivi deyil - o, indinin də hisslərini formalaşdıran gizli bir qüvvədir.

Fəlsəfi baxımdan bağışlama keçmişi silmək deyil - onu xatırlayanda artıq eyni ağrını hiss etməməkdir. Fridrix Nitsşe insanın “unutma qabiliyyətini” bir zəiflik yox, həyat üçün zəruri bir güc hesab edirdi. Onun fikrincə, insan hər şeyi yadda saxlasaydı, yaşaya bilməzdi - çünki yaddaş bəzən ruhu iflic edir. Nələrisə unutmadan yenilər yaranmır. Bəlkə də həyatın davam etməsi üçün nələrisə unutmaq şərtdir.

Digər tərəfdən, Hannah Arendt bağışlamanı zamanın axınında “geri dönməzliyi yumşaldan” yeganə imkan kimi təsvir edirdi. Çünki insan etdiyi hərəkəti, dediyi sözü geri qaytara bilməz, amma bağışlama vasitəsilə onun təsirini dəyişə bilər. Bağışlama sadəcə düzgün davranmaq deyil - insanın daxilən dəyişməsi, başqa birinə çevrilməsidir. İnsan keçmiş hadisəni dəyişmir, amma ona yeni məna verir.

Təsəvvür et ki, sənə edilən haqsızlıq yaddaşında uzun, qaranlıq bir kölgə kimi qalıb. Günəş haradan düşürsə düşsün, o kölgə səninlə birlikdədir, addımlarını izləyir. Bağışlama isə o kölgəni yox etmək deyil - işığın istiqamətini dəyişməkdir. Elə ki, bir gün dönüb baxanda onun artıq sənin üzərində olmadığını görürsən. Və ən vacibi odur ki, bağışlama zamanla münasibəti dəyişir. Keçmiş artıq səni təqib etmir, sən onunla yanaşı gedirsən.

Dini qat: mərhəmətin üfüqü

Qəlb bəzən daralır - sanki içində yer qalmır. Kin, qəzəb, inciklik onu sıxıb kiçildir. Bağışlama isə qəlbi genişləndirir.

İslamda Allahın “Əl-Ğafur” sifəti yalnız bağışlamaq deyil, həm də insanın səhvlərini örtmək, ona yeni bir səhifə açmaq deməkdir. Məhəmməd Peyğəmbər ən çətin anlarında belə bağışlamağı seçərək göstərirdi ki, mərhəmət gücün ən ali formasıdır.

Peyğəmbərin həyatında bağışlamanın ən təsirli örnəklərindən biri Məkkənin fəthi zamanı baş verir. Uzun illər boyu o və tərəfdarları Məkkədə təhqir olunmuş, təqib edilmiş, hətta ölümlə baş-başa qalmışlar. Doğma şəhərindən çıxarılmış, yaxınları zülmə məruz qoyulmuşdu. Bu, sadəcə şəxsi inciklik deyil - dərin və kollektiv bir ağrı idi.

İllər sonra Peyğəmbər böyük bir güclə Məkkəyə geri qayıdır. Bu, tarixdə nadir anlardan biri idi: zülm görən insan artıq hakim mövqedədir. Hər kəs gözləyir ki, intiqam alınacaq. Amma O, Kəbənin qarşısında dayanaraq belə deyir: “Bu gün sizə qınaq yoxdur. Hamınız azadsınız!”

Bu cümlə sadəcə bağışlama deyil - gücün (iqtidarın) necə istifadə edilməsinə dair heç zaman təsirini itirməyən bir dərsdir. Təsəvvür et ki, səni incitmiş insanlar qarşında dayanıb və taleləri sənin qərarından asılıdır. Ən asan yol intiqamdır. Amma O, zəif olmadığına görə daha çətini - bağışlamağı seçdi.

Bu hadisə göstərir ki, bağışlama zəifin seçimi deyil. Əksinə, yalnız güclü insan bağışlaya bilər. Çünki bağışlamaq üçün insanın həm qəzəbinə, öfkəsinə, həm də öz “haqq hissinə” qalib gəlməsi lazımdır. Və bəlkə də bu səbəbdən bu hadisə əsrlərdir xatırlanır - çünki o gün təkcə bir şəhər fəth olunmadı, insan qəlbinin ən yüksək mərtəbəsi nümayiş etdirildi və kütlələrin qəlbləri fəth olundu. Yeri gəlmişkən, Şara da Suriyada iqtidara gələndə bənzər bir yol seçdi.

Xristianlıqda İsa Məsih insanın ən zəif anında belə bağışlamağı mümkün sayır. Bu, sanki belə bir mesajdır: “İnsan qəlbi qaranlıqdır, amma eyni qəlb işıq da doğura bilir.” Bu düşüncə Mariya Maqdalinanın hekayəsində də əks-səda tapır. Onun adı əsrlər boyu ağır günahla, sonra isə bağışlanma ilə yanaşı çəkilib. Sanki o, insanın ən dərin enişindən belə yenidən qalxa biləcəyinin canlı sübutuna çevrilib. İsa onu yalnız bağışlamadı - ona yeni bir kimlik verdi. Keçmişi ilə damğalanmış bir qadın, sonradan ilahi mesajın daşıyıcılarından birinə çevrildi. Bu, bağışlamanın sadəcə “silmək” olmadığını göstərir; bağışlama insanı yenidən yaradır. Burada bağışlama insanın Tanrıya yaxınlaşmasının bir formasıdır - çünki bağışlayan insan, ilahi sifətlərdən birini yaşadır. Və bəlkə də ən böyük möcüzə budur: insan dəyişə bilər.

Psixoloji qat: daxili sağalma sənəti

Psixoloji baxımdan inciklik dondurulmuş bir duyğudur. O, keçmişdə baş verib, amma içində “indi” yaşayır. Bir insanı düşün: uşaqlıqda eşitdiyi ağır bir söz illər sonra belə onun özünə inamını sarsıdır. O hadisə artıq yoxdur, amma təsiri davam edir. Bağışlama burada bir növ daxili terapiyadır. O, hadisəni silmir, amma onun üzərindəki emosional yükü azaldır. Proses təxminən aşağıdakı şəkildə cərəyan edir:

 əvvəlcə ağrını qəbul edirsən, 

  sonra onun səni necə dəyişdiyini

anlayırsan,

 sonda qərar verirsən: “Bu yükü daha daşımayacağam.” 

Sanki çiyinlərində illərlə daşıdığın görünməz bir yükü yerə qoyursan. Dünya dəyişmir, amma sən yüngülləşirsən.

Nəticə: külün içində gizlənən həyat

Bağışlama möcüzə deyil. O, səssiz bir qərardır. Bəzən uzun çəkir, bəzən də birdən gəlir. Amma hər halda, o, insanın öz daxilində etdiyi ən dərin dəyişikliklərdən biridir. Bağışlama keçmişi silmir - amma onun səni idarə etməsinə, bəzən hətta köləyə çevirməsinə son qoyur. İnsan bağışlayanda, sadəcə kimisə azad etmir, özünü keçmişin külündən yenidən yaradır.

P.S. Allah insanın O, na qarşı etdiyi günahları (namaz qılmamaq, səhvlər, günahlar və s.) istəsə bağışlayar. Amma başqasına edilən haqsızlığı (qul haqqını) o insan bağışlamadıqca Allah da bağışlamaz. “Mənim hüzuruma qul haqqı ilə gəlmə”... buyurdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources