EN

İranla bağlı konfransı harada və necə keçirmək olar?..

O saytdan bu sayta, bu internet TV-dən digərinə - desək, az qala, hamımız bütün günü bununla məşğuluq, güman, şişirtmə olmaz. Səbəbi də, əlbəttə, qonşu İranda cərəyan edən proseslərdir.
Özümüz də çox yazırıq bu mövzuda, eləcə də digərlərinin yazdıqlarını və dediklərini diqqətdə saxlamağa çalışırıq. Əlbəttə, siyasi təhlilçilər daha çox prosesin gedişilə bağlı düşüncələrini və proqnozlarını, eləcə də prosesin gələcəkdə region, xüsusən də Azərbaycan üçün hansı nəticələr verə biləcəyini təxmin etmək istəyirlər.

Amma praktiki təkliflər verənlər də, daha doğrusu, “Baxın, biz də bunu edə bilərik!” söyləyənlər də var. Əlbəttə, bunları da diqqətdən kənarda qoymaq olmaz, çünki siyasi analitiklər-təhlilçilər bütün hallarda nəzəri fikir adamlarıdırlar, hətta onların da düşüncələri, təklifləri son nəticədə yenə praktiki siyasət adamlarına ünvanlanır, tuşlanır.

Hiss olunur ki, sonuncular da bütün bu cəhdləri imkan daxilində cavabsız qoymamağa çalışır və hətta arabir özləri də konkret təşəbbüslərlə çıxış etməyə cəhd edirlər. Bu səpkidə son vaxtlar ən çox diqqət çəkən təklif və ya təşəbbüs İran mövzusunda Bakıda siyasilərin, siyasi analitiklərin - politoloqların, tarixçilərin və eləcə də iranlı siyasi fəalların iştirakıyla konfrans keçirməkdir.
Əlbəttə, təşəbbüsdür və bütün hallarda təqdir olumalıdır, həm də ona görə ki, bəlkə heç olmasa, ümumilli problemlər ətrafındakı müzakirələr, diskussiyalar nəinki ümumi siyasi mühitimizdəki, ən azı da iki müxtəlif siyasi düşərgə - hakimiyyət və hakimiyyətyönümlü partiyalarla müxalif siyasi partiyalar, müxalif insanlar arasındakı “buz”ları bir az azaldardı.
Neçə dəfə hər iki tərəfə xitabən yazmışıq ki, bəylər, indi nə müxalif partiyalar, qruplar və insanlar keçmiş AXC-dir, keçmiş hərəkatçılardır-“cəbhəçi”lərdir, nə də hakim partiya –YAP və ona yaxın siyasi qruplar keçmiş sovet-kommunist partiyasıdır! İstiqlalçılıq ümmumilli ideya – məfkurə olub, demək olmaz ki, YAP-çılar müxalif siyasi qruplardan, ya da müxalif düşüncəli adamlar digərlərindən az istiqlalçıdırlar. Yox, belə deyil! İnanın, şəxsən mən hərdən bəzi TV-lərdə bizim keçmiş hərəkatçıların da xarici siyasətlə bağlı şərhlər, təhlillər verdiyini görəndə ürəyim açılır; ona görə ki, heç olmasa, xarici siyasətimizin ümumi konturlarıyla bağlı mövqelərimiz yaxınlaşıbsa, bunun özü də çox böyük irəliləyiş, birləşdirici məqamdır, bunları addım-addım artırmaq lazımdır.
Həm də İran məsələsi bizim üçün tək Güney problemi, tək orada yaşayan on milyonlarla soydaşlarımızın indiki durumu, gələcək siyasi taleyi baxımından maraq kəsb etmir. İran böyük qonşumuzdur, burada, necə deyər, düz “qulağımızın dibi”ndə müharibə gedir. Allah eləsin, hər şey yaxşı bitsin, amma hər şeyə hazır olmalıyıq, ona görə də bu xüsusda birgə müzakirələrin, fikir mübadiləsinin olması çox yaxşı olardı.
Əlbəttə, istəsək də, istəməsək də, hərəmiz bir, bəzən fərqli aspektdən yanaşsaq da, böyük İran probleminin içində bir böyük Azərbaycan və azərbaycanlılar problemi də var. Biz də bu problemi görməyə bilmərik...
Odur, həm bir az dar çərçivədə, güneyli-quzeyli azərbaycanlıların iştirakıyla, hətta mümkün olsa, həm də bir az da geniş, ümumiyyətlə, iranlı siyasi-ictimai fəalların, qonşu ölkədəki digər xalqların da təmsilçilərinin iştirakıyla dəyirmi masaların, konfransların keçirilməsi faydalı olardı -əlbəttə, bunu nəzəri cəhətdən deyirik, real formatlar daha çox bu təşəbbüsdə bulunan və buna maraq göstərən adamlardan asılıdır, bir növ, imkan məsləsidir...
Amma burada bir incə və vacib məqam var, söhbət belə tədbirlərin və təşəbbüslərin məkanından-ünvanından gedir. Fikrimizcə, hazırda bizim Quzey Azərbaycanında bunun keçirilməsi ölkəmiz üçün müəyyən təhdidlər yaradar: onsuz da Bakı-Tehran münasibətləri çox kövrək durumdadır və burada belə tədbirin keçirilməsi İranın mühafizəkar qüvvələrinin, nə bilim, SEPAH-ın–filanın əlinə bəhanə verərdi. Yox, mənə də elə gəlir, son nəticədə, böyük hesabla onlar yenə heç nə edə bilməyəcək, amm bizimçün az qala, hər saat bir fikrə düşən Trampdan da daha etibarlı dayaq-tərəfdaş var və o, da Ankaradı, siyasətimizi daim onunla sıx koordinasiya etməliyik.

Belədəsə, şəxsən mənə elə gəlir, prezident İlham Əliyev müharibə gedən bölgənin bir addımlığında yerləşən kiçik və gənc bir ölkənin lideri nə qədər incə və məntiqli siyasət apara bilərsə, onu edir, hətta bundan artığını edir. Odur ki, hakimiyyətimiz və hökumətimiz üçün də problem yaratmamalıyıq.
Amma, inanın, illər öncə neçə dəfə gileylə yazmışdım ki, Əbülfəz Elçibəydən sonra, Cənub-Güney deyəndə uşaqlarımız, hətta gənclərimiz Lənkəranı, Masallını, nə bilim, Leriki nəzərdə tuturlar! Dediyim budur ki, heç vaxt İran - Güney problemi bizimçün mücərrəd ola bilməz: yenə deyirəm ki, hərə bu xüsusda bir cür düşünə bilər, amma problem var və bu, həm də quzeylilərin də problemidir, tək güneylilərin haqq və hüquq məsələsi deyil, hətta bizim Quzey Azərbaycan üçün TƏHLÜKƏSİZLİK problemidir, çünki ən azı qonşu İranda normal bir siyasi sistem bırqərar olmayınca daim bizə təhdidlər olacaq.

Prinsipcə, bunu qonşu Rusiya haqqında da demək olar, hətta Ermənistanla bağlı da. Amma düşünsək, İranın bizə mümkün, potensial təsirləri heç bir halda bu ölkələrlə müqayisə oluna biməz...

Odur, bir daha deyirəm ki, İlham Əliyev düşünülmüş, ölçülüb–biçilmiş siyasət aparır. Biz hakimiyyətimizi düşünməliyik, əlbəttə ki, hakimiyyət də bizi, nisbətən müstəqil siyasi fəalları, qeyri - hakimiyyət partiyalarını və insanlarını düşünməlidir, çünki biz azərbaycanlılar heç bir halda qonşu İranda nələrin baş verdiyinə etinasız, biganə ola bilmərik, xüsusən indiki ağır və çox xaotik durumda.

Ona görə düşünürük belə konfransı və yaxud dəyirmi masanı, məsələn, yaxın Avropa ölkələrinin birində keçirmək olardı, bu, cənublu və yaxud da iranlı siyasi fəallar - mühacirlərçün də əlverişli olardı. Zənnimcə, buna maraq göstərən beynəlxalq dairələr də tapılardı. Düzdür, müxalifət adamları, müstəqil insanlar o qədər kasıb durumdadır ki, hansısa Avropa ölkəsinə getmək, orada bir -iki gün qalmaq da onlar üçün böyük maliyyə problemidir. Amma bir çıxış yolu tapılar yəqin...

Dorğusu, Azərbcanlıların Konqresindən də canlanma gözləyirdik. Diqqətimizdən qaçıbsa, üzürlü saysınlar, amma adlarının hallanmasını hələ sezmirik. Eləcə bəzi keçmiş, Avropada yaşan güneyli fəallar vardı ki, onlar da daha fəal ola bilərdilər. Bir daha deyirik ki, diqqətimizdən qaçıbsa, üzürlü saysınlar –belədə, siyasi yazar kimi ən müxtəlif çıxışları, müzakirələri hamımız daim diqqətdə saxlamağa çalışırıq.
Həm də bu cür təşəbbüslərə dərhal “Ay filankəslər İranı dağıtdı!” kimi yanaşmaq da lazım deyil. Müsəlman siyasi mühitində həmişə dialoq, müzakirə çatışmayıb, bu və bir də təkilatlanma sarıdan daim kasadlıq yaşamışıq. Ona görə iri-xırdalı partiyalarımızın, ayrı-ayrı insanlarımızın da, necə deyərlər, “üstlərinin tozunu-torpağını” çırpmaq vaxtıdır.

Düzdür, bizim, hətta cəmi müsəlmanların daha bir böyük problemi var və bunu böyük Üzeyir bəy də yazıb vaxtında: Biz müsəlmanlar ya HƏR ŞEY edə bilirik, ya da HEÇ NƏ! Halbuki hər nəsil, çox yox, bircə addım atsa, bir də görərsən ki, millət xeyli irəli getdi...

Chosen
55
musavat.com

1Sources