2025-ci ildə Avropa İttifaqı ölkələri Rusiya vətəndaşlarına 10 mindən çox ərazini tərk etmə tələbi təqdim edib. Ölkə.Az xəbər verir ki, bu barədə "Eurostat" məlumat yayıb və rəqəmlərə “Verstka” nəşri diqqət çəkib.
Məlumata görə, belə qərarların sayı 10 415-ə çataraq son beş ilin ən yüksək göstəricisi olub. Müqayisə üçün qeyd olunur ki, 2021-ci ildə bu rəqəm 5 245, 2022-ci ildə 5 615, 2023-cü ildə isə 7 325 təşkil edib. 2024-cü ildə göstərici 7 535 olub, 2025-ci ildə isə daha min nəfər artaraq yeni pik həddə yüksəlib.
Ölkələr üzrə statistikaya baxdıqda, ən çox çıxarılma qərarı verən dövlət Almaniya olub — 3 030 hal qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 22% artım deməkdir. İkinci yerdə Litva qərarlaşıb — burada göstərici təxminən üç dəfə artaraq 1 795-ə çatıb. Üçüncü yerdə isə Fransa dayanır — 1 130 qərar verilib və bu, ötən illə müqayisədə 3% azalma deməkdir. Eyni zamanda Slovakiya və Malta belə halları qeydə almayıb.
"Eurostat" qeyd edir ki, söhbət Aİ ərazisində qanunsuz qalan şəxslərdən gedir — ya qeyri-qanuni daxil olanlar, ya da qalma müddəti bitdikdən sonra ölkəni tərk etməyənlərdən.
Viza siyasətinin sərtləşdirilməsi də bu tendensiyaya təsir göstərib. Rusiya Tur Operatorları Assosiasiyası bildirir ki, 2026-cı ilin ilk rübündə Rusiya vətəndaşlarına verilən çoxgirişli vizaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 90% azalıb.
Bütün bu məhdudiyyətlər fonunda miqrasiya marağı yenidən artmaqdadır. Google statistikası göstərir ki, 2026-cı ilin mart ayında “Rusiyadan köçmək” axtarışı 100 bal üzərindən 88-ə çataraq rekord səviyyəyə yüksəlib. Bir il əvvəl isə bu göstərici təxminən üç dəfə aşağı idi.