EN

Xocalı canisindən ikibaşlı AÇIQLAMA - Serjin seçki hiyləsi

Ermənistanın sabiq prezidenti, Xocalı canisi Serj Sərkisyan jurnalistlərlə söhbətində bildirib ki, "Qarabağ məsələsi"ni bağlamaq səlahiyyətinə malik deyil. Sərkisyan bununla demək istəyib ki, qondarma "artsax" mövzusu Qarabağdan gedən ermənilərin rəyindən asılıdır.

Musavat.com-un verdiyi xəbərə görə, bu haqda erməni nəşri "Hraparak" məlumat yayıb.

Bundan əvvəl baş nazir Paşinyan, spiker Simonyan "artsax"ın olmadığını, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını bəyan ediblər. Sərkisyan Paşinyanın mümkün müharibə haqda bəyanatına münasibət bildirərkən deyib ki, bu cür açıqlamaların öz qiyməti var və hər kəs onlara necə reaksiya verəcəyini özü bilir. Müxalifətin parçalanması ilə bağlı müşahidələrə cavab olaraq isə Sərkisyan jurnalistləri günahlandırıb. "Sən belə düşünürsən. Bizi parçalamağa çalışırsan, biz heç vaxt müxalifət meydanını parçalamayacağıq. Konqresə gəlin, bütün suallarınızı məmnuniyyətlə cavablandırarıq", - deyərək ərazini tərk edib.

Musavat.com qeyd edir ki, seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi hərarət yüksəlir. Paşinyan və opponentləri xüsusən də Qarabağ mövzusunda qarşılıqlı ittihamlar səsləndirir. Yəni müxalifətin iqtidarın ünvanına Qarabağdakı müharibədə məğlubiyyətdən və Azərbaycanın ərazi bütövlüyünü niyə tanımasından başqa səsləndirdiyi ittiham yoxdur.

Artıq müharibədən 5 il keçib və Bakı ilə İrəvan sülh yolunda xeyli məsafə qət edib. Lakin hələ də erməni müxalifəti hakimiyyətlə Qarabağ mövzusunda didişməkdədir. Amma qəribədir ki, Sərkisyan Qarabağ mövzusunda revanşist fikir bildirməyə tərəddüd edib. Eynilə baş nazirliyə namizədliyi irəli sürülən keçmiş prezident Robert Köçəryan da bu haqda danışmayıb və Azərbaycanla sülhə üstünlük verəcəyini söyləyib. Çünki məkrli Köçəryan-Sərkisyan birliyi bilir ki, seçkiqabağı çıxışlarında “Qarabağın geri qaytarılması” kimi məntiqsiz fikirlər səsləndirsə, səs qazana bilməyəcəklər. Ermənilərin əksəriyyəti Qarabağla bağlı tezislərin Azərbaycanla yeni müharibəyə səbəb olacağını anlamamış deyillər. Ona görə də seçiciləri qorxutmaq istəmirlər.

"Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq".

Yada salaq ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Feysbuk səhifəsində bildirmişdi. O, mövcud sülhdən imtina etməyin müharibəyə qapı açacağını vurğulamışdı:

"Köçəryanın, Karapetyanın və Çarukyanın rəhbərlik etdiyi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxmaq siyasəti yürütdüyü açıq şəkildə müəyyən edilib. İndi qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışırlar və bu, şübhəsiz ki, Ermənistan Respublikasının təhlükəsizliyi üçün ölümcül təhdiddir".

Emil Salamoğlu,
Musavat.com

Chosen
33
musavat.com

1Sources