EN

Ermənistanın hakim partiyasının əminliyi…

Azərbaycanl Ermənistan arasında de-fakto sülh bərqərar olub. Hətta bu gün Azərbaycandan keçməklə Ermənistana yüklər daşınır, həmçinin Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Bununla da Cənubi Qafqazda yeni siyasi atmosfer formalaşıb. Hətta bu yeni reallığı Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə etiraf edib. Üstəlik, açıqlamalarının birində "Naxçıvanla birləşmə" və "Tramp yolu" kimi konkret terminlərdən istifadə etməklə İrəvanın artıq real əməkdaşlıq fazasına keçdiyini nümayiş etdiib. O, mövcud sülhü qoruyub saxlamaqda qərarlı olduğunu da bildirib. Parlament seçkilərindən sonra bu ölkədə ümumxalq səsverməsi ilə Ermənistan konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi də gözlənilir. Bütün bunlar isə onilliklər boyu davam edən Ermənistan-Azərbaycan münaqişəsini tarixə qovuşduran Prezident İlham Əliyevin sülh strategiyasının real nəticələrindən xəbər verir.

Yeri gəlmişkən qeyd edək ki, ötən il avqustun 8-də Vaşinqton sammitində Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə iki ölkə arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişi mətninin paraflanması bu yolda ən mühüm irəliləyişlərdən biri olub. Amma bütün bunları həzm edə bilməyən, seçkilər ərəfəsində fəallaşan, Nikol Paşinyanın atdığı addımları özlərinə məxsus şəkildə şərh edən, daha doğrusu, onun sülh ritorikasına qarşı çıxan ərazi iddialı revanşistlər hələ də öz ampluasındadırlar. Elə bu səbəbdən ölkə parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq: "Bəli, müharibə partiyası var və sülh partiyası var”. Simonyan, həmçinin vurğulayıb ki, Ermənistanın indiki hökuməti, "Vətəndaş müqaviləsi" - sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır. 

Bəli, parlament sədri Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasını “sülh”, əsas müxalif qüvvələri isə “müharibə partiyası” adlandırıb. Şübhəsiz, bu da Ermənistanda faktiki olaraq iki qütbün mövcudluğu deməkdir. Xatırladaq ki, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası hazırda Ermənistanın əsas hakim qüvvəsidir. 

Yeri gəlmişkən, həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, həm də erməni kilsəsi Paşinyanı devirmək, başqa sözlə desək sülhə mane olmaq üçün birləşməkdədirlər.  Halbuki hazırda Ermənistanın taleyi sülhdən asılıdır. Amma revanşistlər bu adi həqiqəti anlamaq istəmirlər. Hətta Xocalı canisi Robert Koçaryan, Rusiyaya bağlı milyarder Samvel Karapetyan və hakimiyyətə qarşı blok yaratmış digər zəngin iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələr hakimiyyəti ələ keçirəcəkləri təqdirdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini yenidən nəzərdən keçirmək siyasəti yürütdüyü açıq şəkildə görünməkdədir. Bu mənada onlar yenə “qan-qan” deyirlər. Amma Nikol Paşinyanın komandası bu seçkilərdə də qalib gələcəklərinə əmindir. Hətta “Ermənistan vətəndaşları sülhə görə minnətdardırlar, onlar özlərini təhlükəsiz hiss etdiklərini söyləyirlər” deyən hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hasmik Akopyan bildirib ki, iyun seçkiləri son inqilab olacaq, keçmiş hakimiyyət nümayəndələri darmadağın ediləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
21
ikisahil.az

1Sources