EN

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb  

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb.

Bu barədə AZƏRTAC-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Cao Lıci qeyd edib ki, Milli Məclis sədrinin Asiya naminə Boao Forumunda iştirak məqsədilə Çinə səfəri Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin və Foruma dəstəyinin göstəricisidir.

Cao Lıci qeyd edib ki, son illərdə hər iki ölkənin başçılarının müdrik rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib və Ümum-Çin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələrimiz arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Çinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlərimiz arasında münasibətlərin daha da genişlənməsinə və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək.

Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin liderləri arasında mövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimad tərəfdaşlığın inkişafında mühüm rol oynayır. O, Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfərlərini, həmçinin ötən ilin aprel ayında baş tutan dövlət səfəri zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını xatırladıb.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində də qarşılıqlı dəstək ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

Cao Lıci Azərbaycanın "Vahid Çin" siyasətinə, Çinin Tayvan, Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinə dəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksək qiymətləndirdiklərini bildirib. O, həmçinin Çin vətəndaşlarının İrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Çin qlobal cənubun üzvləridirlər. Cao Lıci Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolun getdikcə daha da gücləndiyini və Çinin beynəlxalq səviyyədə Azərbaycana dəstəyini və Azərbaycanla əlaqələndirməni daha da artırmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Çin, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü və ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyini də dəstəkləyir.

Görüşdə daha sonra humanitar və mədəni əməkdaşlıq məsələlərinə də diqqət yetirilib və qeyd olunub ki, bu sahədə əlaqələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Milli Məclisin sədri ölkələrimiz arasında mədəni sahədə uğurlu layihələr həyata keçirildiyini bildirib, xüsusilə Heydər Əliyev Fondu ilə Çin Xalqının Xarici Ölkələrlə Dostluq Assosiasiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Söhbət zamanı tərəflər parlamentlərarası əməkdaşlığa da diqqət yetirərək qeyd ediblər ki, bu sahədə əlaqələr ölkələrimiz arasında münasibətlərin dərinləşməsində mühüm yer tutur.

Cao Lıci, həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü Sessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda, Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verib.

Chosen
7
24
azerbaijan-news.az

10Sources