EN

İnsult və infarktların ən çox baş verdiyi vaxt aralığı müəyyən edilib

Almaniyanın Göttingen Universitetinin və Sibir Federal Universitetinin professoru, eyni zamanda Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, genetik alim Konstantin Krutovski bildirib ki, infarkt və insult hallarının əksəriyyəti səhər saat 6:00-dan 11:00-a qədər baş verir.

Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Alimin sözlərinə görə, bu hal yuxudan oyanıqlığa keçid zamanı baş verən səhər fizioloji dəyişiklikləri ilə bağlıdır:

“Oyanmazdan əvvəl stress hormonu olan kortizolun səviyyəsi sürətlə artır. Bu isə arterial təzyiqi yüksəldir, ürək döyüntüsünü sürətləndirir və enerji ehtiyatlarını aktivləşdirir. Bu proses ‘kortizol oyanma reaksiyası’ adlanır. Sağlam insanlar üçün bu normaldır, lakin ürək-damar xəstəlikləri olan şəxslərdə bu cür yüklənmə infarkt və ya insulta səbəb ola bilər”.

Bundan əlavə, əksər insanlarda səhər saatlarında simpatik sinir sisteminin aktivləşməsi və damar tonusu ilə əlaqədar olaraq qan təzyiqinin yüksəlməsi müşahidə olunur.

Alim qeyd edib:

“Bu saatlarda ürək gecə ilə müqayisədə xeyli daha çox işləyir. Üstəlik, səhər saatlarında qanda fibrinogen səviyyəsinin artması, trombosit aktivliyinin yüksəlməsi və laxtanı əridən sistemlərin aktivliyinin azalması səbəbindən tromboz riski artır. Nəticədə ürək və ya beyin damarlarında laxtalanma ehtimalı yüksəlir. Gecə damarlar daha geniş olur, səhər isə hormonların və sinir sisteminin təsiri ilə daralır. Əgər damar artıq aterosklerotik lövhə ilə qismən tutulubsa, səhər daralma qan axınını azalda, lövhənin zədələnməsinə və laxta yaranmasına səbəb ola bilər”.

Bu səbəbdən bəzi hallarda arterial təzyiqə qarşı dərmanların səhər yüksəlişinin qarşısını almaq üçün axşam saatlarında qəbul edilməsi tövsiyə olunur. Risk qrupuna daxil olan şəxslərə isə oyandıqdan dərhal sonra intensiv fiziki fəaliyyətlə məşğul olmamaq, orqanizmə 30–60 dəqiqə uyğunlaşma müddəti vermək məsləhət görülür.

Krutovski əlavə edib ki, bəzi tədqiqatlar gecə aktiv insanlarda ürək-damar hadisələrinin səhər pikinin bioloji ritmlərin dəyişməsi səbəbindən daha gec saatlara keçə biləcəyini göstərir və bu amil də nəzərə alınmalıdır.

//Gülnarə Abasova, Editor.az

Chosen
21
editor.az

1Sources