Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı narahatedici görüntülər yayılmaqda davam edir.
Turkustan.az Qaynarinfo-ya istinadla xəbər verir ki, son görüntüləri tanınmış memar Elçin Əliyev ictimaiyyətlə bölüşüb.
Memarın sözlərinə görə, dənizdə geri çəkilmə prosesi artıq açıq şəkildə müşahidə olunur və xüsusilə Bakı buxtasında ciddi dayazlaşma baş verir. O bildirib ki, mövcud vəziyyət təkcə lokal problem deyil, daha geniş regional ekoloji böhranın tərkib hissəsidir.
"Əgər nəzərə alsaq ki, Aral dənizi faktiki olaraq yoxa çıxıb, Ürmiyə gölü quruma həddinə çatıb, Azov dənizi yarıya qədər dayazlaşıb, Volqa çayı isə ciddi problemlərlə üz-üzədir — bu fonda heç nə baş vermirmiş kimi davranmaq sadəlövhlükdür”, - o vurğulayıb.
Elçin Əliyev hesab edir ki, sürətlə dayazlaşan Bakı buxtasının gələcək taleyi yaxın onilliklər üçün şəhərsalma siyasətinin əsas çağırışına çevrilməlidir. Onun fikrincə, problemə sistemli yanaşma və strateji planlaşdırma tələb olunsa da, bu istiqamətdə indiyədək hər hansı konkret sənəd və ya qərar qəbul edilməyib.
Memar diqqətə çatdırıb ki, belə bir kritik dövrdə məsələnin diqqətdən kənarda qalması xüsusilə narahatlıq doğurur. Belə ki, Dünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirə cəmi iki aydan az vaxt qalıb, lakin Bakı buxtasının taleyi ilə bağlı hələ də aydın yol xəritəsi yoxdur.