ain.az bildirir, Qaynarinfo portalına istinadən.
Almaniyanın "Volkswagen” şirkəti hava hücumundan müdafiə vasitələrinin istehsalına başlamağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, "Financial Times” nəşrinin məlumatına görə, avtomobil istehsalçısı bu məqsədlə İsrailin "Rafael Advanced Defence Systems” şirkəti ilə danışıqlar aparır. Razılaşma əldə olunarsa, konsernin zavodlarından birində istehsalın yenidən istiqamətləndirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, Almaniya və İsrail şirkətləri Almaniyanın Osnabrük şəhərində yerləşən zavodu silah istehsalı üçün uyğunlaşdırmağı planlaşdırır. Burada "Dəmir qübbə” hava hücumundan müdafiə sistemi üçün komponentlərin istehsalı gözlənilir. Söhbət raketləri daşıyan ağır yük maşınlarından, buraxılış qurğularından və elektrik generatorlarından gedir. Eyni zamanda, mərmilərin bu zavodda istehsalı nəzərdə tutulmur.
Hazırda zavodun bağlanma riski var. Lakin şirkətlər onu və təxminən 2300 iş yerini qoruyub saxlamağa ümid edir. Burada istehsal ediləcək məhsulların Avropa hökumətlərinə satılması planlaşdırılır.
Nəşrin mənbələrindən biri bildirib ki, məqsəd yalnız mövcud imkanları qorumaq deyil, hətta genişlənməkdir: "Potensial çox böyükdür. Lakin bu, həm də işçilərin bu təşəbbüsün bir hissəsi olmaq istəyib-istəməməsindən asılıdır”.
Digər mənbə Almaniya hökumətinin bu təşəbbüsü fəal şəkildə dəstəklədiyini qeyd edib.
Materialda vurğulanır ki, "Volkswagen” artıq törəmə şirkəti "MAN” və Almaniyanın müdafiə konserni "Rheinmetall” ilə birgə müəssisə çərçivəsində hərbi yük maşınları istehsal edir. Bununla belə, "Rafael Advanced Defence Systems” ilə mümkün tərəfdaşlıq şirkətin silah istehsalına əhəmiyyətli qayıdışı hesab olunur. Belə ki, II Dünya müharibəsi dövründə şirkət nasist Almaniyası üçün hərbi nəqliyyat vasitələri və V1 uçan bombaları istehsal edib.
Mənbələr bildirir ki, bu konsepsiya minimal əlavə investisiya tələb edir. Digər məlumata görə, işçilər silah istehsalına keçidə razılıq verərsə, istehsalın 12–18 ay ərzində işə salınması mümkündür.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.