EN

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Ali Məhkəməsi 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair mühüm izahlar verib.

Qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir.

AZƏRTAC məhkəməyə istinadla xəbər verir ki, bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.

Sağlam ətraf mühitdə yaşamaq hüququna aşağıdakı elementlər daxildir:

- hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;

- ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;

- ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi;

- ekoloji tarazlığının saxlanılması,

yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququ.

Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) və başqa formada zərərdən azad ekosistem başa düşülür.

Mülki hüquqi aspektdə ekoloji hüquqpozmalar aşağıdakılardır:

1. Ətraf mühitin çirklənməsi:

- fiziki (səsküy, toz, radiasiya, istilik, vibrasiya və s.);

- kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.);

- bioloji (bakteriyalar, virus, göbələk və s.);

- mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.)

2. Ekosistemə zərər vurulması:

- ağacların qırılması

- torpağın şoranlaşması və eroziyası,

- su hövzələrinin qurudulması,

- bioloji müxtəlifliyin azalması və s

Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.

Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.

Sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər.

Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
32
azertag.az

10Sources