EN

Tehrandan yeni oyun: Region ölkələri niyə tərəddüd edir?

İran Yaxın Şərq dövlətlərini bir ittifaq yaratmağa çağırıb və bunun üçün hazır olduğunu bəyan edib. Tehran bildirib ki, ABŞ və İsrailin iştirakı olmadan təhlükəsizlik və hərbi əməkdaşlıq qurmağın vaxtı çatıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan türk politoloq Həsən Oqtay qeyd edib ki, İranın çağırışı kağız üzərində ideal görünsə də, praktikada kifayət qədər mürəkkəbdir.

Azərbaycan

Hücumlar fonunda diplomatiya: İranın bu çağırışı ABŞ və İsrailin bölgədə həyata keçirdiyi hava hücumlarının beşinci həftəsinə təsadüf edir. Politoloqun sözlərinə görə, Qətər və Səudiyyə Ərəbistanı kimi bu hücumlardan təsirlənmiş ölkələr üçün belə təşəbbüs “güvən” deyil, daha çox “ümidsiz addım” kimi görünə bilər.

Ekspert ideoloji amillərə də toxunaraq bildirib:

“İran təhlükəsizliyi yalnız hərbi əməkdaşlıq kimi deyil, eyni zamanda ‘Quran və İslama əsaslanan ümumi təhlükəsizlik xartiyası’ kimi təqdim edir.”

Həsən Oqtay əlavə edib ki, bu yanaşma sünni monarxiyalar arasında narahatlıq doğurur və region ölkələri təhlükəsizlik məsələlərinə ideoloji deyil, daha çox strateji prizma ilə yanaşırlar.

Türk politoloq vurğulayıb ki, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanının ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində dərin əlaqələri mövcuddur. Türkiyə də daxil olmaqla region ölkələrinin reaksiyası göstərir ki, onlar ABŞ-sız təhlükəsizlik modelinə hələ hazır deyillər.

Diplomatik nüanslara toxunan H. Oqtay əlavə edib ki, “2026-cı ilin martında Trampın İranla apardığı danışıqlar göstərir ki, Tehran region ölkələrini öz tərəfinə çəkməklə ABŞ-ı daha əlverişli şərtlərlə danışıqlara məcbur etməyə çalışır.”

Sonda politoloq bildirib ki, İranın təşəbbüsü nəzəri baxımdan əsaslı görünsə də, hazırkı qeyri-sabit şəraitdə onun reallaşması olduqca çətin görünür. Onun fikrincə, bölgədə real əməkdaşlıq yalnız Ankara mərkəzli yanaşma və ideoloji qütbləşmənin aradan qaldırılması ilə mümkün ola bilər.

Dəniz Pənahova

KONKRET.az

Chosen
22
1
konkret.az

2Sources