İsrailin müdafiə naziri İsrail Kats Livanın cənubunda "təhlükəsizlik zonası" yaradılacağını və bu prosesdə Qəzza zolağında istifadə olunan hərbi modelin əsas götürüləcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, nazir Kats strateji prinsipin kifayət qədər sərt və aydın olduğunu bildirib. "Prinsip bəllidir: terrorun və raketlərin olduğu yerdə nə evlər, nə də sakinlər qalacaq, SAXAL isə tam nəzarəti özündə saxlayacaq", – deyə İsrail Kats vurğulayıb.
Onun sözlərinə görə, İsrail icmalarına qarşı təhdidləri tamamilə aradan qaldırmaq üçün Qəzzanın Rəfah və Beyt-Hanun bölgələrində tətbiq edilən "bufer zonası" modeli Livanın cənubunda da həyata keçirilməyə başlanıb. Bu, həmin ərazilərdəki binaların sistematik şəkildə dağıdılması və mülki əhalinin geri qayıtmasına imkan verməyən hərbi nəzarət zolağının qurulması deməkdir.
Qeyd olunur ki, "Hizbullah"ın infrastrukturunu məhv etmək məqsədi daşıyan bu addım Livanın cənub sərhədində genişmiqyaslı demoqrafik və coğrafi dəyişikliklərə səbəb ola bilər. Beynəlxalq humanitar təşkilatlar artıq bu planın yüz minlərlə insanın daimi qaçqın vəziyyətinə düşməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər. Hazırda SAXAL bölmələrinin Livanın sərhədyanı kəndlərində istehkam işlərinə başladığı və ərazini tamamilə boşaltmağa çalışdığı bildirilir.
Musavat.com