EN

Hansı hallarda vətəndaşa kompensasiya ödənilə bilər? - Sənədsiz ev problemi

Paytaxtın müxtəlif ərazilərində söküntüsü planlaşdırılan çoxlu sayda mənzil və fərdi yaşayış evləri mövcuddur. Bu evlərin bir qisminin çıxarışı və digər rəsmi sənədləri yoxdur. Belə hallarda kompensasiya verilib-verilməməsi vətəndaşları ciddi şəkildə düşündürür.

Bəs vətəndaşlar bu məsələ ilə bağlı kifayət qədər məlumatlıdırmı?

Məlumata görə, bəzi ərazilərdə artıq ölçmə işləri aparılıb, sakinlərə məlumat verilib və müəyyən qeydiyyat prosesləri həyata keçirilib. Lakin bir çox hallarda kompensasiyanın konkret məbləği və şərtləri barədə vətəndaşlara tam məlumat təqdim olunmayıb.

Day.Az xəbər verir ki, qanunvericiliyə əsasən, sənədsiz tikililər tam hüquqi mülkiyyət obyekti hesab edilmir. Bu səbəbdən belə evlərə görə avtomatik şəkildə kompensasiya hüququ yaranmır. Lakin həmin şəxslərin faktiki istifadə və yaşayış hüququ nəzərə alınır və praktikada dövlət tərəfindən bu hallar müəyyən dərəcədə tanınır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev ATV Xəbər-ə açıqlamasında deyib ki, sənədsiz evlərə kompensasiya verilməsi əsasən tikilinin yerləşdiyi ərazidən asılıdır. Əgər ev dövlət tərəfindən qadağan olunmuş ərazilərdə, məsələn mühafizə zolağında inşa edilibsə, bu zaman kompensasiya verilməyə bilər. Belə ərazilərdə tikinti qanunsuz hesab olunur və gələcəkdə hər hansı qəza və ya tikinti layihəsi zamanı dövlət məsuliyyət daşımaya bilər.

Lakin Alatava, Futbolçu, Yasamal, Kubinka kimi ərazilər uzun illərdir yaşayış məntəqəsi kimi formalaşıb. Bu ərazilərdə yaşayan vətəndaşlar uzun müddət faktiki istifadəçi olduqlarına görə, həmin evlər sökülərkən adətən kompensasiya ilə təmin olunurlar.

Dövlət tərəfindən həyata keçirilən söküntülər zamanı kompensasiya adətən pul şəklində ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə vətəndaşlara yeni tikiləcək binalardan mənzil verilir. Bundan əlavə, yeni mənzillər təhvil verilənə qədər vətəndaşların kirayə və köç xərcləri də tikinti şirkəti tərəfindən qarşılanır.

Elcan Turan
Day.Az

Chosen
53
7
day.az

10Sources