EN

İki həftəlik amansız müharibə planı: Pakistan görüşü Tehranı xilas edəcəkmi?

İran rəhbərliyi ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsünə şübhə ilə yanaşaraq, bunu növbəti bir "tələ" və ya "hiylə" hesab etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, "Axios" nəşrinin etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi Tehran vasitəçi ölkələr olan Pakistan, Misir və Türkiyəyə Tramp tərəfindən artıq iki dəfə aldadıldıqlarını və "yenidən axmaq yerinə qoyulmaq istəmədiklərini" bildirib. İran rəsmiləri ABŞ-ın bölgəyə əlavə qoşun və hərbi texnika cəlb etməsinin sülh niyyəti ilə ziddiyyət təşkil etdiyini vurğulayırlar.

Tramp administrasiyası isə bu hərbi güc yığımını "güc mövqeyindən danışıqlar aparmaq" strategiyası kimi qiymətləndirir. Ağ Ev rəhbərinin müşavirlərindən biri vəziyyəti kifayət qədər sərt və birbaşa ifadə edib:

"Trampın bir əli saziş üçün açıqdır, digər əli isə sizin lənətə gəlmiş sifətinizə sarsıdıcı zərbə endirmək üçün yumruq halında sıxılıb".

Bu həftənin cümə axşamı günü Pakistanda üz-üzə görüş təklif olunsa da, ABŞ və İsrail komandanlığı diplomatik məsləhətləşmələrin başlayıb-başlamamasından asılı olmayaraq, daha iki-üç həftəlik aktiv hərbi əməliyyatlar planını təsdiqləyiblər. Analitiklər hesab edirlər ki, Vaşinqton danışıqlar masasına oturmazdan əvvəl İranın hərbi potensialını maksimum dərəcədə zəiflətmək və Tehranı tamamilə çarəsiz vəziyyətdə güzəştlərə məcbur etmək niyyətindədir. Hazırda bütün dünyanın diqqəti Pakistanın İslamabad şəhərinə yönəlib; əgər tərəflər görüşərsə, bu, müharibənin gedişatında tarixi dönüş nöqtəsi ola bilər.

Musavat.com

Chosen
20
musavat.com

1Sources