EN

“Artsax yox, Qarabağ!” - Seçki taktikası yoxsa səmimi cavab?

“Hazırda Ermənistanda seçki kampaniyası yüksək gərginliklə davam edir. Tərəflər müxtəlif şüarlarla çıxış edir. Baş nazir Paşinyanın seçki kampaniyasının əsas tezisi qonşularla normal münasibətlərin yaranması və sülh şəraitində yaşayışın təmin edilməsidir. Bu, erməni cəmiyyətinin əhəmiyyətli hissəsində müsbət qarşılanır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Artsax” ifadəsinə bildirdiyi irad sülh yolunda olduqca pozitiv addımdır:

“Şübhəsiz ki, Ermənistanda müəyyən bir kütlə revanşist düşüncədədir və yeni müharibənin baş tutmasının tərəfdarıdır. “Müharibə partiyası” adlandırılan bu siyasi qüvvələrin əsas aparıcı namizədi Robert Köçəryandır. Bu cinayətkar vaxtilə Qarabağın işğalında və Xocalı faciəsinin törədilməsində təşkilatçılardan biri olub. Alen Simonyanın mətbuat konfransında səsləndirdiyi fikirlərə gəlincə, bunlar pozitiv qarşılanan fikirlərdir. Doğru olan da budur. Mən düşünürəm ki, Paşinyan və onun komanda üzvləri sülh şüarını irəli sürməklə, həm də reallıqların nədən ibarət olduğunu və Ermənistan üçün ən doğru yolun bu olacağını qəbul edirlər”.

Politoloq vurğulayıb ki, Simonyanın səsləndirdiyi fikirlər seçki taktikası ilə bərabər, həm də Ermənistan hökumətinin əsas siyasi xətti olacaq:

“Paşinyan artıq 8 ildir ki, Ermənistanda hakimiyyətdədir. O, reallıqları yaxşı anlayır və beynəlxalq vəziyyəti kifayət qədər düzgün analiz edə bilir. İrəvan üçün qonşularla normal münasibətlərin qurulması və inkişaf etdirilməsi elə ən çox öz maraqlarına uyğundur. Bu baxımdan, Simonyanın səsləndirdiyi fikirlər seçki taktikası ilə bərabər, həm də Ermənistan hökumətinin əsas siyasi xətti olacaq. Artıq Azərbaycan ərazisindəki tranzit məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstan və Rusiyadan taxılın daşınması, neft məhsullarının Ermənistana ixrac olunması və daxili bazarda yanacağın 15 faiz ucuzlaşma Paşinyan hakimiyyəti üçün olduqca müsbət bir hadisədir. Bu, seçkilər zamanı Paşinyanın leyhinə işləyəcək bir məsələdir”.

Qeyd edək ki, dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan ona Qarabağ haqda sual verən müxalif jurnalistin “Artsax” sözündən istifadə etməsinə irad bildirib:

“Qarabağ Azərbaycana məxsusdur, siz onu niyə “artsax” adlandırırsınız? Əgər Qarabağa “Artsax” deyirsinizsə, onda Ermənistan ərazilərinin Azərbaycan dilində adlandırılmasına niyə əsəbləşirsiniz? Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiası olmamalıdır!”

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
17
yenisabah.az

1Sources