EN

İranda Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib

Məhəmməd Baqer Zolqədr İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının informasiya xidmətinin rəhbər müavini bildirib.

Təyinat Prezidentin sərəncamı ilə, Ali Liderin rəyi və təsdiqi nəzərə alınmaqla həyata keçirilib.

Zolqədr karyerası ərzində bir sıra yüksək vəzifələrdə çalışıb. İran-İraq müharibəsindən sonra o, səkkiz il ərzində Birləşmiş Qərargahın rəisi vəzifəsini tutub (1989–1997), daha sonra isə 1997–2005-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini olub.

Bundan əlavə, Zolqədr daxili işlər nazirinin müavini kimi çalışıb, həmçinin İranın məhkəmə sistemində, o cümlədən Ali Məhkəmədə vəzifələr tutub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb. (Trend)

Chosen
16
6
bakivaxti.az

8Sources