EN

Ukrayna Müdafiə Nazirliyi “JEDI Shahed Hunter” tutucu PUA-larının istifadəsinə icazə verib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “JEDI Shahed Hunter” tutucu pilotsuz uçuş aparatlarını (PUA) kodlaşdırıb və əməliyyat istifadəsi üçün icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yüksək sürətli “JEDI Shahed Hunter”, Rusiyanın istifadə etdiyi “Geran”, “Gerbera” və “Shahed” tipli hücum, eləcə də “Zala” və “Supercam” kimi kəşfiyyat PUA-larını zərərsizləşdirə bilir.

“JEDI Shahed Hunter” vertikal şəkildə buraxılan çoxrotorlu tutucu PUA-dır. O, yüngül və möhkəm konstruksiyaya, dörd yüksək performanslı elektrik mühərrikinə və yüksək tutumlu batareyaya malikdir. Çəkisi 4 kq-dən bir qədər çox olan PUA, 500 qramadək faydalı yük daşıya bilir ki, bu da hücum dronunu məhv etmək üçün kifayətdir. Mühərrikləri sayəsində PUA 350 km/saatdan artıq sürət yığa və 6 km hündürlüyə qalxa bilir.

“JEDI Shahed Hunter” radar sistemlərindən məlumatları avtomatik qəbul edir. Bu isə tutucu PUA-ların döyüş zonasına daha sürətlə daxil olmasına və hədəfi operativ şəkildə məhv etməsinə imkan yaradır.

Yerüstü idarəetmə stansiyası uçuşun koordinasiyasını, etibarlı rabitəni və hədəfin dəqiq məhv edilməsini təmin edir. Sistem hədəfi avtomatik aşkar edə, izləyə və ona yönələ bilir. Bundan əlavə, gündüz və termal görüntüləmə kameraları ilə təchiz edildiyi üçün həm gündüz, həm də gecə fəaliyyət göstərə bilir.

Bu imkanları sayəsində sistem düşmən dronlarına qarşı hava məkanını 40 km radiusadək qoruya bilir.

Qeyd etmək lazımdır ki, səmanın qorunması Ukraynanın müharibə planının əsas prioritetlərindən biridir. Məqsəd real vaxt rejimində hava təhdidlərinin 100%-ni aşkarlamaq və onların (raketlər və dronlar) ən azı 95%-ni məhv etməkdir.

Chosen
50
poliqon.az

1Sources