EN

Süni İntellekt dostu əvəz etməyə başladı: Uşaqlar və yeniyetmələr təhlükədə Elmir Əkbər

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

”Süni zəka idarə olunmadıqda, cəmiyyət üçün sağalmayan yaraya çevriləcək"

Psixoloq: Yenilənmə başa çatana qədər, bir çox insan onun zərərli tövsiyələrinə qurban gedə bilər

Təəssüf ki, Azərbaycanda bəzi insanlar və azyaşlılar ChatGPT ilə sanki bir insanla söhbət edirmiş kimi ünsiyyət qururlar

Süni zəka və texnaloji yeniliklər, həyatımızın bir parçasına çevrilib. Lakin cəmiyyətə təqdim edilən imkanlardan müxtəlif istiqamətlərdə istifadə olunur. Sağlam cəmiyyət süni zəkanı əsasən əmək məhsuldarlığını artırmaq, informasiya əldə etmək və yaradıcılığı gücləndirmək məqsədilə istifadə edir. Təəssüf ki, proqramdan təhlükəli məqsədlər üçün istifadə edənlərin sayı da az deyil. Bəzi insanlar şəxsi problemlərini bölüşmək və emosional boşluqlarını doldurmaq üçün “güvənli insan” tapmadıqda, ChatGPT-yə müraciət edirlər. Bir sözlə, əvvəllər ağsaqqal və ağbirçəkdən məsləhət almaq adət idisə, indi problem yarananda ChatGPT-yə üz tuturlar. Yazılı üslub sahəsində də vəziyyət dramatiktir. Bir zamanlar müəlliflərin və jurnalistlərin qələmlərindən kimə məxsus olduğunu asanlıqla hiss edə bilirdik. İndi isə süni zəka vasitəsilə hazırlanan bayağı və quru ifadələr yazını robotlaşdırıb. Artıq bir çoxlarının qələmi “süni zəka”nın nəzarətinə keçib. Vəziyyət elə bir həddə çatıb ki, fiziki-emosional ağrısı olanlar, həkim və psixoloqa müraciət etmək əvəzinə, ChatGPT-dən çarə axtarırlar. Hətta bəziləri, texnoloji imkanlardan təhlükəli və qeyri-qanuni məqsədlər üçün istifadə edir. Yaxın dönəmdə, Bakı Dövlət Universitetinin tələblərinin fotoları süni zəka vasitəsilə hazırlanmaqla, şantaj elementinə çevrilmişdi. Bu məqamda belə bir sual yaranır: Problem süni zəka proqramlarındadır, yoxsa ondan yanlış məqsədlər üçün istifadə edən zehniyyətdə?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, süni intellekt düzgün istifadə olunduqda, müasir dövrün ən mühüm və faydalı texnoloji nemətlərindən biridir:

“Təəssüf ki, Azərbaycanda bəzi insanlar və azyaşlılar ChatGPT ilə sanki bir insanla söhbət edirmiş kimi ünsiyyət qururlar. Artıq insanlar dost, mütəxəssis, ailə üzvləri və ya həkimlə məsləhətləşmək əvəzinə bu proqramlarla ünsiyyətə üstünlük verirlər. Adına “süni intellekt” dediyimiz proqramlar sadəcə informasiya axtarışı və analiz vasitələridir. Onlar insanların dərdinə şərik olub, qayğı göstərə bilməzlər. Son zamanlar uşaqlar və gənclər arasında zehni inkişafın zəifləməsi, nitq bacarıqlarında geriləmə və assosiallaşma kimi hallar müşahidə edirik. Bunların hamısı telefon və texnologiyanın doğurduğu fəsadlardır. İnsanlar süni zəkanı axtarış proqramı və ya ensiklopediya kimi deyil, özlərinin düşüncə və zəka əməliyyatlarının əvəzləyicisi kimi istifadə edirlər. Nəticədə, insanın zəka imkanları və intellektual bacarıqları inkişafdan geri qala bilər”. 

Psixoloqun sözlərinə görə, süni intellekt texnologiyalarını yaradan ölkələrdə, ondan istifadə mədəniyyəti Azərbaycandakından qəti şəkildə fərqlənir: 

“Onlar süni intellektə daha çox işlərini yüngülləşdirmək və məhsuldarlığı artırmaq üçün müraciət edirlər. Bizdə isə psixoloji dəstək almaq məqsədilə, dərdlərini bu platformalarla bölüşürlər. Dəfələrlə mütəxəssislər tərəfindən, süni intellektin “insan modeli” kimi istifadə olunmaması barədə xəbərdarlıq edilib. Dəhşətlisi odur ki, ChatGPT-dən intihar və cinayət əməllərini öyrənmək məqsədilə də istifadə olunur. Elmi işimin mövzusu uşaqlar və yeniyetmələr olduğundan, valideynlərdən bu cür şikayətlər çox eşidirəm. Süni intellekt o qədər yaradıcı və təbii danışır ki, qarşısındakı adamda, “normal insan” təəssüratı yaradır. Valideynlər uşaqların süni zəka alətlərindən istifadəsinə nəzarət etməlidir. Xüsusilə yeniyetməlik dövründə uşaqlar həssaslaşaraq, daxili aləmlərinə qapanırlar. Belə hallarda, valideynlər övladlarını ən azından, psixoterapevt müayinəsinə cəlb etməlidirlər”.

E.Əkbər bildirib ki, böyüklər arasında da süni intellektdən istifadə halları çoxalıb:

“Bu platformalardan bəzən ağıla gəlməyən və qeyri-etik məqsədlər üçün istifadə edilir. Bir tanışımın sözlərinə görə, süni intellekt qohumuna intiharın ağrısız və asan yollarını öyrədirmiş. Süni zəkanı yaradan mütəxəssislər onun mənfi yöndə istifadəsinin qarşısını almaq üçün proqramı təkmilləşdirməyə çalışırlar. Lakin yenilənmə başa çatana qədər, bir çox insan onun zərərli tövsiyələrinə qurban gedə bilər. Süni zəka sosial, elmi və praktiki sahələrdə düzgün idarə olunmadıqda, cəmiyyət üçün sağalmayan yaraya çevriləcək. Əsas problem isə süni intellekt və texnologiyalarda deyil, onların savadsız insanlar tərəfindən qeyri-düzgün istifadəsindədir”.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
sherg.az

2Sources