EN

Almaniyalı əfsanə Saneni yığmaya çağırdığına görə Naqelsmannı yıxıb-sürüdü

''Qalatasaray''ın ulduzu Leroy Sanenin Almaniya yığmasına dəvət alması ölkədə ciddi şəkildə müzakirə olunmaqda davam edir. Bundestimin baş məşqçisi Yulian Naqelsmann komandanın Sane kimi özəllikləri olan bir futbolçuya ehtiyacı olduğunu bildirmişdi. O həm də vurğulamışdı ki, bu ay yığmaya dəvət alan futbolçuların böyük əksəriyyəti mundiala da yollanacaq. Sabiq almaniyalı ulduz Ditmar Hamann Səid Əl-Mala, Kərim Adeyemi və Maksimilian Bayer kimi futbolçuların Sanedən daha çox yığmaya çağırılmağa layiq olduqlarını vurğulamışdı. İndi də bu müzakirələrə Mario Basler qoşulub. ''Bavariya'' və Almaniya futbolunun əfsanəsi daha sərt açıqlamalar verərək Naqelsmannı tənqid atəşinə tutub. Onun ''Qalatasaray''ı ''ikinci liqa komandası'' adlandırması da diqqət çəkib: ''Artıq Naqelsmannın söylədiyi heç bir sözə inanmıram. Bir-biri ilə yaxşı anlaşan futbolçulara üstünlük verəcəyini söylədikdən sonra Rüdiger kimi futbolçunu dəvət etməklə mənim gözümdən tamamilə düşdü. Və ya ''Qalatasaray'' kimi ikinci liqa komandasında oynayan və artıq Çempionlar Liqasında meydana çıxa bilməyən Sane kimi oyunçuların dəvət edilməsi... O, Rüdigeri yenidən yığma komandaya çağırmaqla bir dönəm müəyyənləşdirdiyi dəyərləri ayaqlar altına atdı. Bu, əsil rəzalətdi. Artıq Almaniya Futbol İttifaqına da inanmıram. Məşqçi lisenziyası almaq üçün olan üzvlüyümü də ləğv etmişəm. Bundan sonra onlara 1 avro da verməyəcəm. Onlar mənim gözümdə bitdilər. Naqelsmannı dinlədikdən sonra təxminim belədi ki, o, DÇ-2026-nın ardından istefa verəcək. Komandamızın mundialda şansları nə qədərdi? Yenə heç olmasa, 1/4 finala yüksəlsək, sevinərəm. Futbolçular turnirə yaxşı formada yollansalar, bunu bacara bilərik. Ancaq digər tərəfdən Sane və Rüdigerin olduğu heyət 1/4 finala çıxsa, təəccüblənərəm''.

Chosen
15
football-plus.az

1Sources