EN

İranla bağlı SENSASİYA – Xəritə yenidən çəkilir!

Cənubi Azərbaycanın geosiyasi taleyi və regionun demoqrafik xəritəsinin yenidən cızılması ehtimalı artıq yalnız regional müzakirə müstəvisindən çıxaraq, beynəlxalq strateji mərkəzlərin əsas təhlil mövzusuna çevrilib. ABŞ-nin nüfuzlu “Geopolitical Monitor” platformasında yayımlanan “Qərbi Azərbaycanda Suriya saatı işləyir” adlı məqalə bu baxımdan sadəcə bir proqnoz deyil, bölgədə sürətlə cərəyan edən hərbi-siyasi proseslərin diaqnozudur.

İranda davam edən daxili sarsıntılar fonunda yeni bir hərbi coğrafiyanın formalaşması və xüsusilə İraq sərhədindən Türkiyə sərhədinə doğru uzanan “kürd silahlı dəhlizi”nin yaradılması planı Cənubi Azərbaycan türklərinin minillik yurdlarını strateji blokadaya almaq təhlükəsi daşıyır.

Məqalədə vurğulanan ən acı reallıq budur ki, demoqrafik çoxluq hər zaman ərazi bütövlüyünü qorumağa yetmir; Suriya nümunəsində olduğu kimi, dövlət strukturları zəiflədiyi an təşkilatlanmış və xarici dəstəyə malik silahlı qruplar dərhal hərəkətə keçərək coğrafi əlaqələri qoparmağa çalışırlar. Türkiyə, Azərbaycan və İranın kəsişmə nöqtəsi olan Maku kimi strateji mərkəzlərin bu qüvvələr tərəfindən hədəf seçilməsi həm Bakı, həm də Ankara üçün milli təhlükəsizlik məsələsidir. Masada təmsil olunmayan icmaların “menyuya” çevrilməsi riski bu gün Cənubi Azərbaycan hərəkatı üçün ən böyük çağırışdır, çünki silahsız və təşkilatlanmamış kütlələr mütəşəkkil hərbi güclər qarşısında müdafiəsiz qala bilər. Bu ssenarinin qarşısını ala biləcək yeganə real faktor Türkiyə-Azərbaycan ittifaqının strateji dərinlik siyasətidir.

Heydər Oğuz

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, hazırda İran daxilində formalaşan yeni hərbi coğrafiya birbaşa Türk dünyasının birliyini hədəf alır:

“Cənubi Azərbaycanın taleyi bu gün tarixin ən kritik dönəmindən keçir. ABŞ analitik mühitində ‘Suriya modeli’nin dilə gətirilməsi təsadüfi deyil; bu, regionda yeni xəritələrin artıq masada olduğunun göstəricisidir. Kürd silahlı qruplarının İraqdan Türkiyə sərhədinə qədər uzanan bir dəhliz yaratmaq cəhdi birbaşa Türk dünyasının coğrafi bütövlüyünü hədəf alan strateji bir “geosiyasi bıçaq”dır. Bu ssenari reallaşarsa, Azərbaycanın Naxçıvan və Türkiyə ilə olan birbaşa quru əlaqəsi, eləcə də Zəngəzur dəhlizi layihəsinin perspektivləri ağır zərbə alacaq. Məsələnin ən təhlükəli tərəfi azərbaycanlıların öz torpaqlarında sayca çoxluq təşkil etmələrinə rəğmən, mütəşəkkil hərbi gücə malik olmamalarıdır. Demoqrafiya silah qarşısında hər zaman acizdir və Suriya təcrübəsi göstərdi ki, gücü olan tərəf xəritəni öz xeyrinə dəyişir. Bu nöqtədə Türkiyə-Azərbaycan ittifaqı yeganə xilasedici faktordur”.

H.Oğuz qeyd edib ki, Ankara və Bakı bu coğrafiyada terror dəhlizinin qurulmasına kənardan baxa bilməz:

“Bu, yalnız Tehranın daxili problemi deyil, birbaşa bizim gələcək varlığımız məsələsidir. Əgər bu gün həmin strateji nöqtələrdə milli hərbi-siyasi təşkilatlanma təmin edilməzsə, sabah xəritələr bizim iştirakımız olmadan başqaları tərəfindən cızılacaq. Vaxt sürətlə gedir və Suriya nümunəsinin İranda təkrarlanması bütün regionu onillərlə davam edəcək xaosa sürükləyə bilər”.

Tunar
NOCOMMENT.az

Chosen
48
nocomment.az

1Sources