EN

"Belə qələbə istəmədim, qərarımdan peşman deyiləm"

Türkan Məmmədyarova şahmat üzrə Azərbaycan çempionatında 4-cü yeri tutaraq medallardan kənarda qaldı.

36 yaşlı şahmatçının çempionat zamanı yarımfinalda Ayan Allahverdiyeva ilə ilk görüşündə əvvəlcə qələbə ona verilsə də, daha sonra nəticə heç-heçəyə dəyişdirildi.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarovun kiçik bacısı prosport.az-ın suallarını cavablandırıb.

– Yarışla bağlı fikrinizi bildirərdiniz. Azərbaycan çempionatı sizin üçün necə keçdi?
– Düşünürəm ki, yarış mənim üçün yaxşı keçdi və qənaətbəxş hesab etmək olar. Ümumiyyətlə, mən bu olimpiya sistemini sevirəm. Ötən il də bu sistemlə yarış keçirilmişdi. Yarışı özüm üçün uğurlu saya bilərəm.

– Ayan Allahverdiyeva ilə yarımfinal görüşünüz finaldan daha çox ajiotaj doğurdu. Bu barədə nə deyə bilərsiniz?
– Orada bir qədər anlaşılmazlıq oldu. Əslində orada Ayanın səhvi var idi, amma məğlubiyyət dərəcəsində deyildi. Ümumiyyətlə biz bilmirdik ki, 2 səhvdən sonra məğlubiyyət verilir. Daha sonra apellyasiyaya müraciət edildi və onun məğlubiyyəti heç-heçə ilə əvəzləndi. Əgər bilsəydim ki, sonda uduzacağam, yenə heç-heçəyə razılıq verərdim. Heç bir peşmançılığım yoxdur. Əksinə, rahatam...

– Siz apellyasiyaya razılıq verməsəydiniz, qələbəniz rəsmiləşəkdi...
– Bəli, bəli. Təbii ki, mən belə qalibiyyət istəmədim. Düşündüm ki, daha yaxşı olar ki, heç-heçə sayılsın. Qərarımdan peşman deyiləm.

– Sizə xoş xəbərimiz var. Federasiya prezidenti Mahir Məmmədov deyib ki, sizə buna görə FIDE-nin xüsusi Feyr Pley mükafatı verilə bilər...
– İnşallah. Ola bilər. Məncə, haqlı qərar olar (gülür). Yəqin ki mənim yerimdə kimsə olsaydı, qərarın dəyişilməsinə razılıq verməzdi. Yenə deyirəm ki, peşmançılığım yoxdur. Belə bir hal yenə olsa, eyni cür edərəm.

– 3-cü yer uğrunda görüşdə Gülnar Məmmədovaya məğlub oldunuz. Sizcə, qələbə üçün nə çatmadı?
– Əslində deməzdim ki, nəsə çatmadı. Çünki rəqibim də çox güclü, aktiv şahmatçı idi, millinin üzvüdür. Burada qeyri-adi nəsə yoxdyr. 2 nəfər oynayırsa, 1-i qalib gəlir, 1-i isə uduzur. Yetərincə güclü şahmatçıya uduzmuşam. Burada da ağır oyun getdi. 2 oyunda heç-heçə, sonra daha 1 heç-heçə və sonda məğlub oldum. Rəqibi təbrik edirəm.

– Türkan Məmmədyarovanı bu il millidə görə bilərik?
– Bu il yəqin ki, çətin (gülür). Çünki millinin heyəti artıq məlumdur. Amma sonrakı illərdə ola bilər.

– Bəs bu il beynəlxalq yarışlarda iştirak barədə düşünürsünüz?
– Bəli, planlaşdırıram. Qarşıda Avropa çempionatı var. Ona hazırlaşacağam. Başqa yarışlarda da iştirak edəcəyəm.

Chosen
67
sportinfo.az

1Sources