EN

“Çelsi”premyer-liqa tarixində ən böyük cərimə ilə üzləşdi - “zadəganlar”ı niyə belə cəzalandırırlar?

“Çelsi” Roman Abramoviçin klubun sahibi olduğu dövrdə yol verilən maliyyə pozuntularına görə İngiltərə premyer-liqası üçün rekord sayılan 10,75 milyon funt sterlinq (12,4 milyon avroya yaxın) məbləğində cərimələnib. Liqa həmçinin “zadəganlar”a 9 ay ərzində akademiyaya yenu oyunçu qəbul etmək, bir il ərzində əsas komandaya transfer etmək (şərti) qadağası qoyub.
Klub özü Abramoviçin “Çelsi”nin sahibi olduğu 2003-22-ci illər aralığındakı pozuntularla bağlı məlumat verib. Amerikalı biznesmen Todd Boulinin rəhbərlik etdiyi konsorsium 2022-nin mayında London klubunu alarkən sənədləri diqqətlə gözdən keçirib. Yoxlamanın nəticəsi sevindirici olmayıb: hüquqşünaslar vasitəçilərlə iş və oyunçulara yatırımlarla bağlı çoxlu qanun pozuntusu üzə çıxarıb. Yeni sahiblər auditin nəticələrini gizlətməyi lazım bilməyib, məlumatları tənzimləyici orqana çatdırıb.
2023-cü ildə UEFA kluba 10 milyon avro cərimə kəsib. Ardından İngiltərədə də araşdırma davam edib: İngiltərə Futbol Assosiasiyası (İFA) ötən ilin sentyabrında kluba 74 epizod üzrə ittiham irəli sürüb və indi İPL qərarını açıqlayıb. Yerli KİV-in məlumatına görə, “Çelsi” xal silinməsinə və hətta çempionatdan uzaqlaşdırılmağa qədər ən müxtəlif cəzalarla üzləşə bilərdi. Ancaq klubun istintaqla əməkdaşlıq etməsi sanksiyanın yüngülləşməsinə səbəb olub. İPL-in sayyında yer alan açıqlamada deyilir: "Premyer-Liqa klub keçmişdə mümkün qayda pozuntuları ilə bağlı könüllü məlumat verəndən sonra “Çelsi”yə münasibətdə iki ayrı intizam işi açıb. İstintaq müəyyən edib ki, 2011-18-ci illər aralığında klubla bağlı olan üçüncü şəxslər oyunçulara, qeydiyyatdan keçməmiş agentlərə və başqa üçüncü şəxslərə açıqlanmayan ödənişlər edib. Bu ödənişlər o dövrdə İPL də daxil olmaqla futbolu tənzimləyən orqanlara açıqlanmayıb. Ödənişlər “Çelsi”nin maraqlarına xidmət edib və klub tərəfindən həyata keçirilmiş kimi qəbul edilməli idi”.
Nəticədə İPL ilə “Çelsi” arasında belə razılıq əldə olunub: klub 10 milyon funt cərimə ödəyəcək və əsas komandaya transferlə bağlı birillik şərti cəza alacaq (bunun üçün iki il sınaq müddəti qoyulub). Londonlular akademiyaya oyunçuların qeydiyyatında yol verilən qayda pozuntularına görə daha 750 min ödəcəyək, həmçinin 9 ay ərzində yeniyetmə futbolçuları akademiyaya qəbul edə bilməyəcək.
“Reuters”in yazdığına görə, bu, İPL tarixində ən nəhəng cərimədi. Əvvəlki rekordu (5,5 milyon funt) 2007-ci ildə “Vest Hem” “müəyyənləşdirib”.
“Çelsi” İPL-in cəzasına operativ reaksiya verib: "Klub 2022-ci ildə özünün müstəqil şəkildə məlumat verdiyi tənzimləmə pozuntularıyla bağlı Premyer-Liqa ilə razılığa gəldiyini məmnuniyyətlə təsdiqləyir. Daha əvvəl elan olunduğu kimi, “Çelsi” on il bundan əvvəl baş verən, natamam maliyyə hesabatları da daxil olmaqla mümkün qayda pozuntularıyla bağlı məlumatları bütün tənzimləyici orqanlara könüllü və şəffaf şəkildə açıqlayıb. Klub təfərrüatı Premyer-Liqanın saytında dərc olunmuş tənzimləmə şərtlərini tam qəbul edir”.
Bəs “Çelsi” konkret nədə ittiham olunur? “Çelsi”nin üçüncü şəxsləri maliyyələşdirməsi ilə bağlı qeyri-müəyyən ifadə altında Abramoviçin ofşor şirkətləri vasitəsilə maraqlı tərəflərə edilən ödənişlər gizlənir. “The Times” qəzetinin məlumatına görə, xüsusilə 2013-cü ildə Samuel Eto’O və Villian ilə bağlı “Anji” ilə aradakı şübhəli sövdələşmələr araşdırılıb. Nəşr bu transferlər zamanı şübhəli ödənişləri təsdiqləyən sənədlər əldə edib. Həmin sənədlərə görə, Abramoviç özünün “Leiston Holdings” şirkəti vasitəsi ilə oyunçuların transferindən iki ay əvvəl Rusiya klubunun sahibi Süleyman Kərimovla bağlı şirkətlərin hesabına təxminən 12 milyon avro köçürüb
ICIJ nəşrinin “Kipr məxfi materialları” adlı araşdırmasında başqa mübahisəli epizodlar da qeyd olunub. Bunlar arasında Dubaydakı bir “qapaq” şirkət vasitəsi ilə Eden Azarın agentinə 7 milyon avro ödənilməsi, eləcə də Aryen Robben, Branislav İvanoviç və Karlo Ançelottinin transferlərində iştirak edən agentlərə - Zoran və Vlado Lemiçlərə edilən çoxsaylı ödənişlər də var. Həmin qayda pozuntuları kritik hesab edilməsə də, belə əməliyyatlar “maliyyə feyr-pleyi”nə görə qəti qadağandı.

Chosen
39
2
football-plus.az

3Sources