Keniyada daşqınlar nəticəsində həlak olanların sayı 81 nəfərə çatıb.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Polis Xidməti məlumat yayıb.
Daha əvvəl 71 qurban barədə məlumat verilmişdi.
"Hazırkı məqama görə qurbanların ümumi sayı, təəssüf ki, 81-ə çatıb. Nayrobi hələ də 37 ölüm faktının qeydə alındığı ən çox zərər çəkmiş ərazi olaraq qalır", - bəyanatda qeyd olunub.
Bundan əlavə, subasmalar səbəbindən 2,6 mindən çox ailə təxliyə olunub, infrastruktur obyektləri və mənzil fondunda əhəmiyyətli dərəcədə dağıntılar qeydə alınıb.
Keniyada leysan yağışları səbəbindən yaranan daşqınlar martın 6-dan davam edir. Qonşu Efiopiya da leysanlardan ciddi zərər çəkib. Bu ölkənin cənubunda torpaq sürüşmələri və daşqınlar nəticəsində ən azı 107 nəfər həlak olub.