EN

Valideynlər uşaqlarını göndərməyə bağça tapmır

Ötən il 1-5 yaşlı uşaqların 38,7 faizi bağçaya gedib. 

Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb. "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən 1–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilmə səviyyəsinin 50%-ə çatdırılması hədəf olaraq müəyyən edilmişdir. 

2025-ci ildə məktəbəqədər təhsil müəssisələrində 110,5 min uşaq (dövlət müəssisəsində 105,4 min uşaq, özəl müəssisələrdə 5,1 min uşaq), 1,6 min icma əsaslı məktəbəqədər təhsil qrupunda 23,6 min uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 86,4 min uşaq (dövlət müəssisələrində 85,6 min uşaq, özəl müəssisələrdə 848 uşaq), ümumilikdə 220,5 min uşaq olmaqla məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38,7% təşkil etmişdir. 

Əgər bağça yerləri kifayət qədər deyilsə, niyə illərdir bu problemi aradan qaldırmaq üçün sistemli addımlar atılmır? Məktəbəqədər təhsilə cəlb olunma aşağı olduqda bu, gələcəkdə ibtidai təhsilin keyfiyyətinə necə təsir göstərir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, bağça sayının azlığı, bəzilərində şəraitin kifayət qədər olmaması və müəyyən normalardan kənara çıxa bilməmələri azyaşlıların bağçaya gedə bilməməsinə səbəb olur: 

"Məktəbəqədər təhsilə cəlb olunma həm kəmiyyət, həm də keyfiyyət baxımından aşağı səviyyədə olduqda, bu, gələcəkdə ibtidai təhsilə çox ciddi təsir göstərəcək. Çünki məktəbəqədər təhsil göründüyü qədər sadə və formal deyil, əksinə, təhsilin ən mürəkkəb və ən vacib istiqamətlərindən biridir. Azərbaycanda məktəbəqədər təhsil uzun illər yerli icra orqanlarının tabeliyində olub. 

Yalnız son 5-6 ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu dəyişiklikdən sonra keyfiyyətin artırılması istiqamətində müəyyən layihələr həyata keçirilsə də, hələ də ciddi boşluqlar qalmaqdadır". 

Onun sözlərinə görə, boşluqların əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin sayının kifayət qədər olmamasıdır: 

"Məndə olan məlumata görə, hazırda məktəbəqədər yaşda olan hər 4 uşaqdan yalnız biri bağçaya getmək imkanı əldə edir. Nazirlik tərəfindən özəl bağçalarla bağlı qrant layihəsi də həyata keçirilib. 

Bu layihəyə əsasən, uşaqlar seçilmiş özəl bağçalara getdikdə ödənişin yarısı valideyn, digər yarısı isə dövlət tərəfindən qarşılanır. Bu, müsbət addımdır. Lakin belə təşəbbüslər yalnız bir layihə ilə məhdudlaşmamalı, alternativ mexanizmlər də hazırlanmalıdır". 

Ekspert qeyd edib ki, xüsusilə özəl bağçaların sayının artırılması üçün daha çevik və stimullaşdırıcı addımlar atılmalıdır: 

"Hazırda bir çox yaşayış binalarının altında fəaliyyət göstərən bağçalar var ki, onların əksəriyyəti lisenziya tələblərinə cavab vermir. Bu müəssisələr daha çox valideynlərin məcburiyyət qarşısında uşaqları müvəqqəti yerləşdirdiyi məkanlar kimi fəaliyyət göstərir. 

Digər tərəfdən, özəl bağçalar üçün müəyyən edilmiş lisenziya tələbləri olduqca mürəkkəbdir. Bu tələblərin müəyyən qədər sadələşdirilməsi və daha əlçatan hala gətirilməsi vacibdir. 

Bununla yanaşı, bağçalarda kadr hazırlığına və pedaqoji metodikanın keyfiyyətinə xüsusi diqqət yetirilməlidir". 

Chosen
12
1
cebheinfo.az

2Sources