EN

Daha bir münaqişə ocağı qalanır – Deputatdan İLGİNC proqnoz

“ABŞ-nin Kuba ilə bağlı siyasətinə səthi yanaşmaq bu prosesin mahiyyətini anlamağa imkan vermir. Məsələ təkcə bu ada dövlətinə qarşı sərgilənən münasibət deyil, bütövlükdə Qərb yarımkürəsində geosiyasi nəzarətin bərpası, Latın Amerikasında uzun illər ərzində formalaşmış alternativ siyasi-iqtisadi platformaların sıradan çıxarılması və qlobal güc balansında üstünlüyün daha da möhkəmləndirilməsi cəhdidir. Bu baxımdan “Venesueladan sonra Kuba” yanaşması ritorik xarakter daşımır, əksinə, artıq formalaşmış strateji xəttin davamı kimi ortaya çıxır”.

Bu sözləri Musavat.com-a deputat Elçin Mirzəbəyli bildirib.

Analitik deyib ki, Venesuelada baş verən proseslər, xüsusilə hakimiyyət dəyişikliyi ilə nəticələnən müdaxilə regionda yeni reallıq yaradıb:

“Bu reallığın ən mühüm nəticələrindən biri Kubanın əsas iqtisadi dayaqlarından birinin zəifləməsidir. Uzun illər ərzində Venesuela nefti Kubanın enerji təhlükəsizliyinin əsas sütunlarından biri və birincisi olub. Bu kanalın bağlanması və ya ciddi şəkildə məhdudlaşdırılması adada sosial gərginliyi artırıb. ABŞ məhz bu zəif nöqtəni hədəf alaraq klassik geosiyasi təzyiq alətlərindən istifadə edir. Yəni öncə enerji blokadası, maliyyə sanksiyaları tətbiq edir, üçüncü tərəflərin dəstək perspektivini öncədən məhdudlaşdırır və daxili sabitliyin pozulmasına əlverişli zəmin yaradır. Bu yanaşma yeni deyil”.

Elçin

E.Mirzəbəylinin fikrincə, tarixən ABŞ Latın Amerikasında “dolayı müdaxilə” modelinə üstünlük verib:

“Birbaşa hərbi müdaxilə əvəzinə iqtisadi və siyasi təcrid, informasiya təzyiqi və daxili narazılığın stimullaşdırılması vasitəsilə hakimiyyət dəyişikliklərinə nail olmaq daha az riskli və daha effektiv hesab olunur. Kuba ilə bağlı indiki mərhələdə də eyni üslubun tətbiq olunduğu açıq şəkildə görünür. Vaşinqtonun ritorikasında demokratiya, insan haqları və bazar iqtisadiyyatı kimi anlayışlar ön plana çəkilsə də, prosesin arxasında duran əsas məqsəd geosiyasi nəzarətin bərpasıdır”.

E.Mirzəbəyli qeyd edib ki, ABŞ üçün Kuba yalnız ideoloji rəqib deyil, həm də strateji coğrafi mövqeyə malik bir platformadır:

“Karib dənizi hövzəsində yerləşən bu ada, həm nəqliyyat marşrutları, həm də hərbi-strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Kuba uzun illərdir ki, ABŞ-a qarşı alternativ siyasi modelin simvolu kimi çıxış edir. Bu modelin zəiflədilməsi və ya transformasiyası Vaşinqton üçün yalnız regional deyil, həm də qlobal mesaj xarakteri daşıyır. Xüsusilə Çin və Rusiyanın Latın Amerikasında artan təsiri fonunda Kuba məsələsi daha geniş qarşıdurmanın tərkib hissəsinə çevrilir”.

Millət vəkili vurğulayıb ki, maraqlı məqamlardan biri də ABŞ-ın paralel siyasət yürütməsidir:

“Bir tərəfdən sərt iqtisadi təzyiq və blokada siyasəti davam etdirilir, digər tərəfdən isə diplomatik kanallar tam bağlanmır. Bu, klassik məcburetmə diplomatiyasının təzahürüdür. Məqsəd qarşı tərəfi tam izolyasiya etmək yox, onu ağır sosial-iqtisadi vəziyyətə salaraq danışıqlar masasında güzəştə getməyə məcbur etməkdir. Yəni təzyiq və dialoq bir-birini tamamlayan alətlər kimi istifadə olunur”.

Hərbi müdaxilə məsələsinə gəldikdə, E.Mirzəbəyli deyib ki, bu ssenari hələlik daha çox siyasi ritorika səviyyəsində qalır:

“Müasir beynəlxalq münasibətlər sistemində açıq işğal hüquqi və siyasi baxımdan ciddi risklər yaratsa da istisna olunmur. Lakin nəzərə almaq lazımdır ki, Kuba kimi uzun müddət sanksiyalar şəraitində yaşamış və müəyyən müqavimət mexanizmləri formalaşdırmış bir ölkəyə qarşı birbaşa hərbi addım gözlənilən effekti verməyə də bilər. Bu səbəbdən daha real görünən ssenari yumşaq destabilləşdirmə texnologiyası, yəni daxili sosial-iqtisadi böhranların dərinləşdirilməsi və bunun siyasi nəticələr doğurmasına hesablanmış strategiyadır”.

Milli Məclis üzvünün sözlərinə görə, Kuba rəhbərliyi isə öz növbəsində siyasi sistemin dəyişdirilməsi ilə bağlı hər hansı tələbi qətiyyətlə rədd edir və bunu milli suverenliyə müdaxilə kimi qiymətləndirir:

“Lakin obyektiv reallıq ondan ibarətdir ki, ölkə ciddi iqtisadi çətinliklərlə üz-üzədir. Enerji çatışmazlığı, istehlak bazarındakı problemlər, artan miqrasiya və sosial narazılıq daxili sabitliyi uzun müddətdir ki, sınağa çəkir. Bu isə xarici təzyiqlərin təsirini daha da artırır və ABŞ-ın təzyiq strategiyasının effektivliyini müəyyən mənada yüksəldir. Mövcud proseslərin nə ilə nəticələnəcəyini tam şəkildə proqnozlaşdırmaq çətin olsa da, bir neçə əsas ehtimalı irəli sürmək mümkündür. Ən real görünən variant Kubanın müəyyən iqtisadi və qismən siyasi güzəştlərə getməsi, lakin tam sistem dəyişikliyindən yayınmasıdır. Bu halda ABŞ tədricən təsir imkanlarını genişləndirəcək və Kuba mərhələli şəkildə müasir iqtisadi-siyasi münasibətlər sisteminə transformasiya olunacaq. Digər ssenari daxili böhranın dərinləşməsi fonunda hakimiyyət dəyişikliyinin baş verməsidir ki, bu da Venesuela modelinə yaxın nəticələr doğura bilər. Üçüncü ehtimal isə Kubanın xarici tərəfdaşlarının, xüsusilə də Çin və Rusiyanın dəstəyi ilə müəyyən balans yaratması və prosesin müəyyən qədər uzanmasıdır”.

Deputat bildirib ki, nəticə etibarilə ABŞ-ın Kuba planlarının sürətli və qəti nəticə verəcəyi gözlənilmir:

“Bu, daha çox uzunmüddətli geosiyasi mübarizədir və müxtəlif mərhələlərdən keçəcəyi ehtimalı daha çoxdur. “Venesueladan sonra Kuba” yanaşması müəyyən mənada doğru olsa da, bu iki ölkənin daxili strukturları, siyasi ənənələri və müqavimət potensialı fərqlidir. Məhz bu fərqlər prosesin tempini və nəticəsini müəyyən edəcək. ABŞ-ın məqsədi aydındır, lakin bu məqsədə çatmaq yolunda qarşılaşacağı maneələr də az deyil. Buna görə də yaxın perspektivdə Kubada kəskin və ani dəyişikliklərdən daha çox, tədrici və çoxqatlı dəyişikliklərin şahidi olaca biləcəyimiz daha çox ehtimal olunur”.

Qeyd edək ki, Kubanın enerji infrastrukturunun iflic olunması nəticəsində ölkə üçüncü gündür qaranlığa qərq olub.

Elşad Paşasoy,
Musavat.com

Chosen
55
50
musavat.com

10Sources