EN

Kubilayın qətlinə görə məşhur müğənni saxlanıldı

İstanbulda Ümraniyedə reper Canbayın olduğu avtomobilə silahlı hücum edilib və hadisə nəticəsində maşında olan 20 yaşlı futbolçu Kubilay Kaan Kundakçı həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı saxlanılan şübhəlilərin sayı yenə artıb və bəzi detallar açıqlanıb. Ötən gün cinayətlə bağlı saxlanılanlar arasında müğənni İzzet Yıldızhan da yer alıb. Amma ifaçının nə səbəbdən şübhəli qismində olduğu açıqlanmayıb.

Bildirilib ki, Kundakçı hadisə günü reper Canbay ilə birlikdə görüş üçün Ümraniyeyə gəlib. Onlar avtomobildə gözlədikləri zaman iki fərqli nəqliyyat vasitəsi yaxınlaşıb və avtomobillərdən birindən düşən şəxs atəş açıb. Ağır yaralanan gənc futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalar nəticəsində hücumu törətdiyi iddia edilən şəxsin iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu olduğu müəyyən edilib. Hadisənin motivi ilə bağlı müxtəlif iddialar səsləndirilib. Araşdırma çərçivəsində Bilal da saxlanılıb. 

Zərərçəkənin ailəsi hücumun arxasında şəxsi münasibətlər olduğunu iddia edib. Onlar bildirib ki, müğənni Aleyna Kalaycıoğlunun şəxsi münasibətləri bu hadisədə rol oynayır. Şahid qismində ifadə verən Canbay da hücumun hədəfinin özü ola biləcəyini deyib.

Qeyd edək ki, istintaq çərçivəsində Aleyna Kalaycıoğlu və anası Zuhal Kalayıcıoğlu saxlanılıb. Polis əməliyyatları zamanı ümumilikdə 8 nəfər nəzarətə alınıb, hadisədə istifadə edildiyi ehtimal olunan silah isə müsadirə olunub. (Axşam.az)

Chosen
44
5
bakivaxti.az

7Sources