Baku TV paytaxtın təxminən bir əsrdir məskunlaşmanın olduğu NZS qəsəbəsindən reportaj hazırlayıb.
Qəsəbədə yaşayan sakinlər buranın tarixi barədə maraqlı məlumatlar veriblər. Uzun illərdir burada yaşayan sakin qəsəbənin formalaşmasını belə xatırlayır:
"NZS-in yerli sakinləri buraya 1946-cı ildə gələnlərdir. Pişəvəri ilə birlikdə 120 min nəfər gəldi. Buradakı 'amerikanka' evlər onlar üçün tikildi. Gəlib zavod işçisi oldular, ona görə də o evlərdə yaşadılar. Sonra burada evləndilər. Fərq etmir, o tay, bu tay - eyni millətdir".
Sakinlər, həmçinin 20 il əvvəl həmin ərazidə Novruz bayramının necə keçirildiyindən də bəhs ediblər:
"Uşaqlar oynayırdı, bayram süfrəsi qururdular. Əvvəllər münasibətlər çox yaxşı idi. İndi hər kəsin bir-biri ilə əvvəlki kimi münasibəti yoxdur".
Qəsəbənin digər bir sakini isə ərazinin illər ərzindəki dəyişimini və mövcud vəziyyətini belə şərh edib:
"1987-ci ildən buradayam. Əvvəl gələndə genişlik idi, indi evlər tikilib, sıxlaşıb. Demək olar ki, tonqal qalamağa yer qalmayıb. Yuxarıda neft çənləri var, neft ərazisidir. Neft xətləri keçir".