ain.az, Idman.biz portalına istinadən məlumat verir.
“Reysinq Bulls” komandasının yeni zelandiyalı pilotu Liam Louson “Formula-1”də 2026-cı il mövsümündən tətbiq olunacaq yeni texniki reqlamentlə bağlı narahatlığını ifadə edib. Gənc sürücü yeni qaydaların bir çox çətinlikləri və riskləri bərabərində gətirəcəyini vurğulayıb.
İdman.Biz “RacingNews365” nəşrinə istinadla xəbər verir ki, Liam Louson xüsusilə yüksək sürətli döngələrdə və düzlüklərdə yaranacaq fərqlərə diqqət çəkib.
“Bu, asan deyil. Hazırda bir çox məsələ ilə qarşı-qarşıyayıq. Döngələrdəki sürət zonalarında SLM (Sürət Limitinin İdarə Edilməsi) sisteminin tətbiqi ciddi problemlərdən biridir. Belə şəraitdə yarışmağa çalışmaq olduqca riskli ola bilər”, - deyə pilot vurğulayıb.
Pilot həmçinin bolidlərin enerji toplama prosesinin ötüb-keçmə manevrlərinə təsirindən də danışıb:
“Düzlüklərin sonunda maşınların enerji yığması və bu zaman ötüb-keçməyə çalışan bolidlərlə aradakı sürət fərqi... öyrəndiyimiz bir çox məqam var. Bunları düzəltmək o qədər də sadə deyil. Hazırda hamımız bu çətinliklərlə üzləşirik”.
Qeyd edək ki, 2026-cı ildən “Formula-1”də həm mühərrik, həm də aerodinamika sahəsində inqilabi dəyişikliklərin edilməsi planlaşdırılır. Bu dəyişikliklər ekoloji təmiz yanacağa keçid və elektrik enerjisindən daha çox istifadəni nəzərdə tutur. Amma buna baxmayaraq, pilotlar vaxtaşırı olaraq yeni qaydalar barədə narazılıqlarını bildirirlər.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.