EN

Londondakı Azərbaycan məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

ain.az bildirir, Azertag portalına istinadən.

London, 22 mart, AZƏRTAC

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbinin (BEAS) şagirdləri Novruz bayramını qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyində təşkil olunan və Ramazan bayramına da həsr edilən tədbirdə məktəbin şagirdləri zəngin bayram proqramı ilə çıxış ediblər.

Tədbirin aparıcısı, məktəbin nümayəndəsi Rauf Xəlilov qonaqlara məktəbin fəaliyyəti haqqında məlumat verib. O, həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanova, məktəbin təsisçisi Tale Heydərova, məktəbin rəhbərləri Səbinə Rakçeyeva və Səbinə Quliyevaya təşəkkürünü bildirib.

Sonra məktəbin şagirdlərindən Nəzrin Qədimova və Sevinc Baxışova müəllimlərinin rəhbərliyi ilə Novruza həsr olunmuş şeirlər səsləndiriblər. Xoreoqraf Sima Manaflının quruluşunda təqdim olunan “Naxçıvan” rəqsi isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bununla yanaşı, şagirdlər musiqi nömrələri ifa edib, müxtəlif milli rəqslər təqdim ediblər.

Bayram tədbirində məktəbin müəllimlərindən beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva, Azərbaycanın Əməkdar artisti, tanınmış tarzən Rafiq Rüstəmov və BEAS nümayəndəsi Rauf Xəlilov milli musiqi nümunələri ifa edərək qonaqlara xoş anlar yaşadıblar.

Tədbir çərçivəsində Novruzun əsas atributlarından səməni, şamlar və milli dekor elementləri nümayiş olunub. Qonaqlara Azərbaycanın milli şirniyyatları, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Eyni zamanda, məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Qeyd edək ki, Britaniya Avropa Azərbaycan Məktəbində hazırda 12 yaşadək uşaqlar təhsil alır və dərslər həftənin bazar günləri keçirilir. Məktəb Londonda yaşayan azərbaycanlı ailələrin övladlarına ana dili, tarix və mədəniyyətin öyrədilməsi baxımından mühüm rol oynayır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
1
azertag.az

2Sources