EN

Z-kanallar Rusiyanın böyük itkilərini etiraf edib və Putinə qarşı ittihamlar səsləndiriblər

Müharibənin beşinci ilində rusiyalı hərbi yönlü kanallarda narazılıq artır, Kreml sərt tənqid olunur...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Z-kanallarında yayılan məlumatlarda qeyd olunub.

Rusiya daxilində müharibəni dəstəkləyən informasiya resurslarında, xüsusilə “Svodki opolçeniya Novorossii Z.O.V.” adlı kanalda cəbhədəki itkilərlə bağlı kəskin etiraflar və hakimiyyətə qarşı tənqidlər səsləndirilib.

Martın 20-də yayımlanan paylaşımda bildirilir ki, müharibənin beşinci ilinə daxil olmasına baxmayaraq, ön xətdə döyüşən rusiyalı hərbçilər hələ də pilotsuz uçuş aparatlarına qarşı minimal müdafiə vasitələri ilə belə təmin olunmayıb. Kanal müəllifləri qeyd ediblər ki, söhbət yalnız radioelektron mübarizə sistemlərindən deyil, ən azı zərbə dronlarını vurmaq üçün uyğun atıcı silahların çatışmazlığından gedir.

Paylaşımda iddia olunur ki, bu günə qədər adı ilə məlum olan 200 mindən çox rusiyalı hərbçi həlak olub. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölmələrinin fəaliyyətini əks etdirən müxtəlif kanallarda mütəmadi olaraq rus hərbçilərinin FPV-dronlarla məhv edilməsini göstərən görüntülər yayımlanır. Bildirilir ki, bu cür videolarda hər dəfə onlarla hərbçinin həlak olduğu iddia olunur və bu materiallar həftə ərzində dəfələrlə paylaşılır.

Z-kanal müəllifləri mövcud vəziyyəti sərt ifadələrlə təsvir edərək, döyüş əməliyyatlarını “insan itkilərinin kütləvi xarakter aldığı proses” kimi qiymətləndiriblər. Onlar bu vəziyyətin müasir müharibə reallıqlarına uyğunlaşa bilməyən idarəetmə ilə əlaqəli olduğunu vurğulayıblar.

Paylaşımın sonunda Rusiya hakimiyyəti açıq şəkildə tənqid olunub. Müəlliflər bildiriblər ki, mövcud idarəetmə sistemi ilə ölkənin hərbi uğur əldə etməsi sual altındadır və müharibənin gedişində ciddi dəyişikliklərə ehtiyac var.

Poliqon.info

Chosen
75
poliqon.info

1Sources