“Opta” superkompüteri İngiltərə Liqa Kubokunun finalında “Arsenal” klubunun “Mançester Siti” üzərində qələbə ehtimalını 51,9 faiz olaraq qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, hesablamalara əsasən, “şəhərlilər”in qalib gəlmə ehtimalı 24,8 faiz təşkil edir. Oyunun əlavə vaxta keçməsi ehtimalı isə 23,3 faizdir ki, bu halda qalib penaltilər seriyasında müəyyənləşə bilər.
“Arsenal”la “Mançester Siti” arasında final qarşılaşması bu gün, 22 mart tarixində keçiriləcək. Görüş London şəhərində yerləşən “Uembli” stadionunda baş tutacaq və start fiti saat 19:30-da səslənəcək. Oyunun baş hakimi Piter Benks təyin olunub.
Qeyd edək ki, komandalar cari mövsümdə İngiltərə çempionatının 5-ci turu çərçivəsində üz-üzə gəlib və həmin görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İngiltərə Liqa Kubokunun son qalibi “Nyukasl” klubudur. Komanda ötən mövsümün finalında “Liverpul”u 2:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.