EN

“Qarabağ”ın qənimi və ya adam kimi məşqçi

Bu mövsüm iki cür «Kəpəz»dən söz açmışam tez-tez.

Özü kimi iddiasızlarla qarşılaşan «Kəpəz» başqa, avrokuboklara iddiaların önünə çıxan və yolunu kəsən «Kəpəz» başqa.

Bunlar bir-birindən 180 dərəcə fərqli komandalardır. İkinci «Kəpəz» qitə arenasına boylanmağa layiqdir.

Azərbaycanda növbəti çempionluğun taleyi Yevlaxda müəyyənləşdi, böyük ölçüdə.

«Qarabağ»ı planlaşdırmadığı məğlubiyyətə düçar edən «Kəpəz» «Sabah»ın «qızıl»a gedən yolunu 95 faiz «təmizlədi».

«Kəpəz» bunu necə bacardı? Ağlasığmaz dərəcədə nəhəng motivasiya və istəklə. Sadə, səliqəli və düzgün oynamaqla.

Müdafiədə «səhv zənciri»nin ipini qısa etməklə. Yarımmüdafiəçi və hücumçularının hər iki zonada hərəkət traektoriyasını heç vaxt olmadığı qədər genişləndirməsi ilə.

Və heç şübhəsiz, Yusif İmanovun qapı xəttində inanılmaz seyvləri ilə. O, «Sabah»la matçda olduğu kimi, bu dəfə də 90 dəqiqəni super keçirdi.

Bu, Azər Bağırovun məşqçi ağlı və yanaşmasıdır. Həmişə çəkinmədən söyləmişəm və yenə söyləyirəm - o, «Kəpəz» tarixininin son 10-15 ildə ən güclü çalışdırıcısıdır.

Kluba ondan yaxşısı gəlməyib və gəlməsi də az inandırıcıdır. Çünki büdcə kəsirli, heyət məhduddur.

Ümumiyyətlə, Azər Bağırovu «Qarabağ»ın qənimi» adlandıra bilərik. «Araz-Naxçıvan»da işlədiyi dönəmdə də bu komandaya qalib gəlməyi bacarıb.

Premyer Liqada qalmaqdan savayı niyyəti olmayan «Kəpəz»lə bunu cari mövsümdə iki dəfə təkrarlaması isə Bağırovun məşqçi kimliyi üzərindən bütün şübhələri qaldırır.

Adam adam kimi məşqçidir.

ELXAN

Chosen
47
sportinfo.az

1Sources