EN

WSJ: ABŞ-ın qərarı İran rialını gücləndirdi


Vaşinqtonun neftlə bağlı addımı İran iqtisadiyyatında dərhal təsir göstərib.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrində məlumat dərc olunub.

Məlumata görə, ABŞ-ın İran neftinin bir hissəsinin satışına müvəqqəti icazə verməsindən sonra İranın milli valyutası – rial kəskin möhkəmlənib.

Rialın məzənnəsi təxminən 6,7 faiz artaraq 1,559 milyon rial/dollar səviyyəsinə yüksəlib. Bu, regionda gərginliyin artmasından sonra valyutanın ilk ciddi möhkəmlənməsi hesab olunur.

Ekspertlər bildirir ki, bazarlar bu qərarı İrana xarici valyuta axınının artacağı siqnalı kimi qəbul edib. Eyni zamanda, daxil olan vəsaitlərin bir hissəsinin hərbi xərclərə yönləndirilə biləcəyi də istisna edilmir.

ABŞ administrasiyası isə açıqlayıb ki, bu icazə yalnız artıq tankerlərə yüklənmiş neftə aiddir və müvəqqəti xarakter daşıyır. Məqsəd qlobal enerji bazarlarında gərginliyi azaltmaq və neft qiymətlərindəki kəskin artımın qarşısını almaqdır.

Reuters-in məlumatına görə, verilən lisenziya 30 gün müddətində qüvvədə olacaq və təxminən 140 milyon barel nefti əhatə edir. Bununla belə, İranın yeni neft hasilatı və satışları hələ də sanksiyalar altında qalır.

Analitiklər hesab edir ki, bu addımın təsiri qısamüddətli ola bilər və Yaxın Şərqdə davam edən münaqişə fonunda enerji bazarlarında risklər hələ də qalmaqdadır.

Musavat.com

Chosen
54
14
musavat.com

10Sources