Xəzər dənizinin Lənkəran sahillərində köçəri quşların kütləvi ölümü qeydə alınıb.
“Teleqraf” xəbər verir ki, tələf olmuş quş cəsədləri şəhərin "Kiçik bazar" ərazisi yaxınlığındakı sahil zonasında daha çox müşahidə edilir.
Köçəri quşlardan hesab edilən dəniz qarabattağları sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların dibində tələf olmuş vəziyyətdə aşkarlanıb.
Yerli sakinlər bildirirlər ki, indiyədək belə kütləvi quş ölümü ilə qarşılaşmayıblar. Onların sözlərinə görə, sözügedən quşlar qış aylarında bölgəyə gəlir, mövsüm başa çatdıqdan sonra isə digər regionlara miqrasiya edirlər.
Mütəxəssislərin fikrincə, əsasən dəniz balıqları ilə qidalanan bu quşların kütləvi tələfi bir sıra amillərlə bağlı ola bilər. Ehtimallar arasında qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə və virus mənşəli xəstəliklər yer ala bilər.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacib olduğu bildirilir. Ekoloqlar quş nümunələrinin laborator müayinəsinin zəruriliyini vurğulayırlar.