İstanbul, 22 mart, AZƏRTAC
İstanbul valisi Davut Gül İstanbulda iki binanın çökməsi ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, vali ilkin mərhələdə hadisənin təbii qazdan qaynaqlandığının ehtimal edildiyini bildirib. O deyib: “Partlayış nəticəsində yanaşı yerləşən - biri iki mərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib. İlkin müəyyənləşdirməyə görə, uçqun altında ümumilikdə 9 nəfər qalıb. Rayon rəhbərimizin koordinasiyası və aidiyyəti qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib. Bir nəfər dağıntılar altında tapılıb və onun az sonra çıxarılması gözlənilir. Digər vətəndaşımızın da tapılması və xilas edilməsi üçün işlər davam edir”.
Vali bütün bunların ilkin məlumat olduğunu, yenilənəcəyi təqdirdə ictimaiyyətin məlumatlandırılacağını deyib. O, axtarış-xilasetmə işlərinin çətin şəraitdə və dar bir ərazidə davam etdiyini, bu səbəbdən əraziyə yaxın gedilməsinə icazə verilmədiyini bildirib.
“AFAD lazımi qiymətləndirmələri aparacaq. Boşaldılması tələb olunan binalar varsa, təxliyə ediləcək. Çöldə qalan vətəndaşlarımızın sığınacaq, qidalanma və digər ehtiyacları da qarşılanacaq. Hazırda bizim prioritetimiz vətəndaşlarımızı uçqun altından çıxarmaq və onların müalicəsini təmin etməkdir. Yaralı vətəndaşlarımızın, ilkin məlumata görə, həyati təhlükəsi yoxdur, - deyə vali əlavə edib.