EN

Braziliya məktəbliləri Azərbaycanın Novruz bayramı ənənələri ilə tanış olublar

Vaşinqton, 22 mart, AZƏRTAC

Braziliyanın paytaxtı Brazilia şəhərində yerləşən beynəlxalq ümumorta təhsil məktəbində keçirilmiş Beynəlmiləl Gün adlı mədəni tədbirdə Azərbaycan guşəsi qurulub.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın Braziliyadakı Səfirliyinin dəstəyi ilə ərsəyə gələn guşə xalqımızın əsrlərdən bəri qeyd etdiyi Novruz bayramına həsr olunub. Guşədə nümayiş etdirilən Novruz eksponatları, Azərbaycanın milli mətbəxindən bayram nemətləri məktəbin yerli və xarici şagirdləri, eləcə də valideynlər və təhsil ocağının müəllim kollektivi tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan guşəsinin balaca ziyarətçiləri burada onlar üçün qurulmuş kiçik rəsm emalatxanasında da yaddaqalan dəqiqələr keçiriblər.

Məktəbin azərbaycanlı şagirdi Cansu Novruzun rəngli karandaşlarla Azərbaycana dair hazırladığı əl işi kitabçaları isə guşənin qonaqları tərəfindən maraqla qarşılanıb.

Təhsil ocağının direktoru Kayley Roşe şagirdlərin hərtərfli inkişafında proqram xarakterli tədris ilə yanaşı müxtəlif mədəniyyətlərin öyrənilməsinin də vacib olduğunu, Beynəlmiləl Gün tədbirinin təşkilinin artıq bir neçə ildir ənənəyə çevrildiyini bildirib, Azərbaycan guşəsinin bayram əhvali-ruhiyyəli tematika ilə çıxışının isə tədbirə xüsusi rəng qatdığını əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
120
1
azertag.az

2Sources