EN

Yaponiya HDQ mina təmizliyi üçün Hörmüz boğazına göndərilə bilər

Yaponiya hökuməti İran tərəfindən minalanmış Hörmüz boğazının minalardan təmizlənməsi üzrə əməliyyatların keçirilməsi üçün Milli Özünümüdafiə Qüvvələrinin cəlb edilməsi ssenarisini istisna etmir.

"Report" xəbər verir ki, bu barədə "Fuji TV"nin efirində Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi bildirib.

Xarici siyasət idarəsinin rəhbəri diqqəti ona yönəldib ki, bu variant yalnız həmin ərazidə atəşkəs rejimi bərqərar olduqdan sonra nəzərdən keçirilə bilər.

"Mina maneələrinin gəmiçiliyə əngəl törədəcəyi təqdirdə, Özünümüdafiə Qüvvələri bölmələrinin göndərilməsi imkanını öyrənmək lazım gələcək", - o bildirib.

Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi də parlament debatları çərçivəsində Yaponiyanın Hərbi Dəniz Qüvvələri gəmilərinin Hörmüz boğazının akvatoriyasına göndərilməsinin yalnız orada atəşkəs rejiminin bərqərar olması şərti ilə məqbul olduğunu qeyd etmişdi.

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının rəsmi nümayəndəsi martın 11-də bildirib ki, Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və onun müttəfiqləri ilə əlaqəli hər hansı yanacaq yüklərinin daşınmasına imkan verməyəcək. Bu strateji əhəmiyyətli su yolu vasitəsilə bütün dünya üzrə neft ixracının təxminən beşdə biri həyata keçirilir. Martın 15-də İran tərəfi xəbərdarlıq edib ki, düşməni geri çəkilməyə məcbur etmək üçün bütün mövcud vasitələrdən, o cümlədən Hörmüz boğazında gəmiçiliyə nəzarətdən istifadə etməyə hazırdır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Chosen
124
2
far.az

3Sources