Bakı şəhərinin müxtəlif nöqtələrində, xüsusilə də əhalinin sıx hərəkətdə olduğu metro stansiyalarının giriş-çıxışlarında müşahidə olunan mənzərə həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından ciddi həyəcan təbili çalır. Küçə ticarəti formasında, heç bir sanitar norma gözlənilmədən açıq havada satılan “5 dənəsi 1 manata” kampaniyalı şəkərbura, paxlava və digər milli şirniyyatlar ilk baxışda büdcəyə uyğun görünsə də, əslində insan sağlamlığına yönəlmiş böyük bir təhdiddir. Müasir bazar iqtisadiyyatı şəraitində fındıq, qoz, kərə yağı, şəkər tozu və un kimi əsas xammalların qiymət artımını nəzərə alsaq, bir ədəd şəkərburanın 2 qəpiyə başa gəlməsi fiziki və riyazi cəhətdən qeyri-mümkündür.

Məsələ ilə bağlı NOCOMMENT.az–a danışan qida eksperti Asim Vəliyev qeyd edib ki, bu cür ucuz məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyəti birbaşa zəhərlənmə mənbəyidir:
“Birinci növbədə, bu şirniyyatlarda bahalı kərə yağı əvəzinə insan damarlarını sürətlə sıradan çıxaran, xərçəng hüceyrələrini stimullaşdıran ən ucuz texniki marqarinlərdən və trans yağlardan istifadə olunur: “Şəkərburanın içliyinə gəldikdə isə, bura fındıq və ya qoz əvəzinə müxtəlif növ qida qalıqları, acı ləpə qırıntıları və dadlandırıcılarla zənginləşdirilmiş naməlum kütlələr doldurulur. Hətta bəzi hallarda istifadə olunan köhnə və çürümüş ləpələr özündə güclü kanserogen təsirə malik aflatoksinlər daşıyır ki, bu da qaraciyərin sıradan çıxmasına birbaşa təsir edir. Digər tərəfdən, metro çıxışları dəm qazı, toz və müxtəlif infeksiyaların ən yüksək olduğu ərazilərdir. Açıq şəkildə satılan bu məhsullar havada olan bütün ağır metalları və bakteriyaları özünə hopdurur”.
Asim Vəliyevin sözlərinə görə, məhsulun rəngini və dadını “adekvat” saxlamaq üçün əlavə edilən süni kimyəvi qatqılar uşaqlarda kəskin allergik reaksiyalara, böyüklərdə isə böyrək və mədə-bağırsaq sistemində xroniki fəsadlara yol açır:
“Bir sözlə, 2 qəpiyə alınan şəkərbura əslində gələcəkdə baha başa gələcək müalicə xərclərinin başlanğıcıdır. Vətəndaşlar ucuz qiymətə aldanaraq özlərinin və övladlarının həyatını riskə atmamalı, mənşəyi məlum olmayan, qablaşdırılmayan və sanitar şəraiti sual doğuran yerlərdən qida məhsulları almamalıdırlar”.
Tunar
NOCOMMENT.az