EN

İdman xoşbəxtliyi bizim tərəfimizdə deyildi Abdullayev prinsipial matçdakı yenilgini şərh etdi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-ci Liqanın 19-cu turunda "Şəfa"nın qonağı olan "Şahdağ Qusar" 0:1 hesabı ilə məğlub oldu. Qusar təmsilçisinin baş məşqçisi Elnur Abdullayev ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şəfa" ilə İkinci Liqadan bəri mübarizə aparırıq. Maraqlı oyunlarımız olub. Təbii ki, feyr-pley çərçivəsində...  "Şəfa" ilə görüşlərimiz həm media mənsublarının, həm azarkeşlərin,  həm də mütəxəssislərin diqqətini çəkib. 

Son oyun da gərgin və maraqlı alındı. 26-cı dəqiqədə rəqib qırmızı vərəqə aldı və üstünlük bizim tərəfimizə keçdi. Oyunçuları meydandan qovulandan sonra müdafiə olunmağa, əks-hücumlar sayəsində təhlükə yaratmağa çalışırdılar. Əlimizdən gələni etsək də, qol vura bilmədik. İdman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. 45-ci dəqiqədə qapımızda qol gördük. Bu, futboldur. Bir-birimizə hörmətlə yanaşırıq. Onlar bizə, biz də onlara... "Şəfa"nı qələbə münasibəti ilə təbrik edirəm.

Mən bu komandanı yığanda "Şahdağ Qusar"ın dağılma təhlükəsi var idi. Hansı əziyyətlərdən keçdiyimizi bir Allah bilir. Tək mən yox, çox adam əziyyət çəkdi. Bu gün həmin futbolçuların meydanda mübarizə aparması çox xoş mənzərədir. 20-21 yaşlı gənclərimiz də az deyil. Onlara şans verməkdən qorxmuram. Daha çox oynamaları inkişaf üçün çox vacibdir. 

Yoxdan var yaradıb bu komandanı qurmuşuq. Çempionatın başlamasına bir həftə qalmış qurulmuş komandadır. Birinci dövrədə həqiqətən çox əziyyət çəkdik. Sonra yeni rəhbərlik gəldi, kömək etdilər... İndi həmin heyət meydanda təslim olmur, sonadək mübarizə aparır. Bu kollektiv düşündüyümüzdən də yaxşı çıxışla diqqət çəkir. Verilən tapşırıqları həvəslə yerinə yetirirlər, istəklidirlər. Komandamdan razıyam. İrəlidə çətin oyunlarımız var. Məqsəd isə "Şahdağ Qusar"ı daha yüksək yerlərdə görməkdir. Neçə illərimi futbola vermişəm. Bu liqa asan luqa deyil. İstənilən komanda digərinə qalib gələ bilər. Qarşıma qoyulan hədəf liqada qalmaq olsa da, daha artığını etməyə çalışıram. Çempionatı üst sıralarda başa vurmaq istəyirik. Bunun üçün sonadək mübarizə aparacağıq".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
81
1
fanat.az

2Sources